"Bu il daha 4 DOST mərkəzi açılacaq" - Sahil Babayev
Paralel olaraq, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də genişləndirilir və müasir tələblərə uyğun qurulur. Ötən il 6 müəssisə - Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya Mərkəzləri və Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla təchiz edilmiş həmin reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçulara, həm də digər əlilliyi olan şəxslərə keyfiyyətli xidmətlər göstərəcək.
S.Babayev hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcəyini deyib.
“Bununla nazirliyin sosial xidmət və reabilitasiya müəssisələrinin sayı 30-dan çox olacaq. Hədəfimiz də budur ki, reabilitasiya xidmətləri göstərilənlərin illik sayını 30 minə çatdıraq. Qarşıdakı dövrdə həmin müəssisələr şəbəkəsi daha da genişləndiriləcək”, -deyə nazir bildirib.
Azvision.az