Xalqın “ASAN Xidmət” haqda dedikləri – SORĞU

  16 Fevral 2014    Oxunub : 583
Xalqın “ASAN Xidmət” haqda dedikləri – SORĞU
Paytaxtda keçirilən sorğuda vətəndaşların əksəriyyəti bu xidmətdən razılıq edib.
2013-cü ildə fəaliyyətə başlayan “ASAN Xidmət” qısa zamanda insanların rəğbətini qazanıb. Bu il fevralın 11-də isə prezident İlham ƏliyevASAN Xidmət”in fəaliyyətinin genişləndirilməsi ilə bağlı fərman imzaladı.

Mətbuatda barəsində xeyli informasiya tirajlanmış xidmət haqqında sosial şəbəkələrdə də mütəmadi müzakirələr gedir.

Əsasən bu istiqamətdə fikirlər xidmətin operativliyi, artıq xərcin ödənilməməsi, xidmət nümayəndələrinin etik davranışı ilə bağlı olur.

AzVision.az xəbər verir ki, insanların bu xidmətin hansı imkanlarından yararlandığını öyrənmək üçün musavat.com portalı vətəndaşlar arasında sorğu keçirib.

ASAN Xidmət” vasitəsilə xarici pasport aldığını söyləyən Nigar Etibar xidmət barədə ağızdolusu danışdı: “Çox operativdirlər. Dəqiqdirlər. Ən əsas insanı get-gələ salmırlar. Sənədlərin hər biri yerindədirsə, heç bir problemsiz məsələni həll edirlər. Apardım sənədləri təqdim etdim, cəmi 10 dəqiqə ərzində hər şey yoluna qoyuldu. 1 ay sonra isə gedib, xarici pasportumu aldım. 40 manat da rüsum ödədim. İstəsən 10 günə də xarici pasport almaq olar, lakin o zaman rüsumun məbləği nisbətən yüksək olur”.

Xidmət fəaliyyət göstərdiyi dönəmdən etibarən ailəlikcə bundan istifadə etdiklərini bildirən paytaxt sakini Elşən Ağalarov isə bunları dedi:

“Qanun çərçivəsində çox gözəl çalışırlar. Keçən il evin adımıza keçirilməsinə görə bu xidmətdən yararlandıq. Dəqiq desəm, nə qədər rüsum ödədiyimiz yadımda deyil. Amma onu bilirəm ki, köhnə üsulla bu işi görsəydik ora ödədiyimizdən daha çox pul verəcəkdik. Bir də onu deyim ki, artıq indi yalnız Taarif Şurasının qoyduğu rüsumları ödəyirsən. Amma əvvəl yadımdadır, əlavə ödənişlər də tələb olunurdu. Üstün cəhətlərdən biri isə odur ki, insan nəyisə bilməyəndə çox gözəl izah edirlər, məlumatlandırırlar.

Bundan başqa qardaşım da öz şəxsiyyət vəsiqəsini bu xidmət sayəsində dəyişib."

Keçən il ailə həyatı qurduğunu söyləyən Aygün xanım isə vəsiqəsini məhz “ASAN Xidmət”də dəyişdirdiyini dedi: “Ailə qurduğuma görə şəxsiyyət vəsiqəmi dəyişmək zərurəti yarandı. Buna görə də ”ASAN Xidmət"ə müraciət etdim. Hər şey çox əla idi. Həqiqətən insanla çox mədəni davranırdılar. Daha əvvəlki pasport dəyişdirilən yerlərdəkilər kimi insanların əsəbləri ilə oynamırlar.

Özü də cəmi 1 manat 60 qəpik rüsum və foto üçün 2 manat ödəmişdim. 10 günə də vəsiqəm hazır oldu. İstəsəm 3 günə də ala bilərdim. Onda gərək 10 manat ödəyəsən. Mən isə tələsmədiyim üçün 10 gün gözlədim".

ASAN Xidmət”dən yalnız bir dəfə istifadə etdiyini deyən Rüfət bəy isə operativ və keyfiyyətli xidmətdən məmnun qaldığını söylədi. Xidmətin yaradılmasını əslində müvafiq dövlət qurumlarının yarıtmazlığının hakimiyyət tərəfindən etirafı olaraq dəyərləndirən şəhər sakini bunları söylədi:

“Soyadımı dəyişdirdiyim üçün sürücülük vəsiqəmi də dəyişməliydim. Buna görə də DYP-yə getməli idim. Dəqiq bilirəm ki, süründürməçiliklə üzləşməli olacaqdım. Hər halda əlavə pul da alacaqdılar. Amma ”ASAN"da cəmi 18 manat ödəməklə 15 dəqiqə ərzində vəsiqəmi dəyişdim. Bilirəm ki, əgər bu xidmət olmasaydı, azı 50 manat xərcim çıxacaqdı. Bundan başqa DYP Xırdalanda yerləşdiyindən gərək ora gedəydim. Amma “ASAN Xidmət” evimin yaxınlığındadır".

Şəhər sakini Amaliya Rəhimova da bu xidmətdən çox razı olduqlarını bildirdi. Anasının sözünə dəstək verən qızı isə şəxsiyyət vəsiqəsini dəyişdirmək və ev alqı-satqı məsələsinə görə “ASAN”a getdiklərini bildirdi.

Şəhər sakinlərindən Aynur xanım isə “ASAN”ı çox lazımlı və vətəndaşlar üçün komfortlu xidmət hesab etdiyini bildirdi.

Şəhər sakinləri arasında apardığımız qısa sorğu zamanı bu xidmətdən yararlanıb, razı qalanlarla yanaşı hələ də “ASAN Xidmət” haqda məlumatsız olanlar da var. Eyni zamanda xidmət barədə məlumatlı olanlar, lakin hələ işi düşmədiyi üçün getməyənlər də var.

Teqlər: