Gürcüstan Prezidenti Qaxda - FOTOLAR

Gürcüstan Prezidenti Qaxda - FOTOLAR
  14 Fevral 2014    Oxunub:1621
Bu gün Qax rayonuna gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən "Müqəddəs Georgi" kilsəsini ziyarət edib.
AzVision.az xəbər verir ki, Ali qonağın diqqətinə çatdırılıb ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılmışdır. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırmış, ianə vermiş, abidənin həyətində kənd sakinləri ilə görüşmüş, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib.

Sonra Gürcüstan Prezidenti "El Resort" otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşmüşdür. Ali qonağa məlumat verilmişdir ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "El Resort" oteli də belə turizm obyektlərindən biridir.

Diqqətə çatdırılmışdır ki, tikintisinə 2011-ci ildə başlanılan bu Konfrans Mərkəzi 2013-cü ilin avqustunda istifadəyə verilmişdir. Müasir layihə əsasında tikilən Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur. Mərkəzin birinci mərtəbəsindəki sütunsuz böyük zal 900 nəfərə xidmət göstərə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. İkinci mərtəbədəki zallar da ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilib.

Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşən Prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirmiş, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd etmişdir. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan Prezidenti, yüksək qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə çıxış edən gürcü millətinin nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildiriblər.

Qeyd edək ki, Qax rayonunda 7 min nəfərdən artıq gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, 1 sahə xəstəxanası, 2 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir.

Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra Gürcüstan Prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlib, yeni tikilən məktəb binası ilə tanış olub. Ali qonağın diqqətinə çatdırılıb ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Zəlzələdən zərər çəkən digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilib. Binanın bir korpusunda kəndin uşaq bağçası da fəaliyyət göstərir.

Gürcüstan Prezidenti məktəbin sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub, uşaq bağçasında tərbiyə alan balacalarla görüşdü.

Bununla da Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb. Qəbələ Beynəlxalq Aeroportundan yola salınan Prezident Georgi Marqvelaşviliyə xatirə hədiyyəsi təqdim edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti