İlham Əliyev: “Hər kəs gücümüzü gördü”

      İlham Əliyev:    “Hər kəs gücümüzü gördü”
  01 Dekabr 2020    Oxunub:2634
Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib.

Dövlətimizin başçısı deyib: “Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” - bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər. Özləri etiraf edirlər ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada - bizim tarixi, qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma “Dağlıq Qarabağın” parlamentini inşa edəcəklər. Nə oldu o parlament? Vurduq dağıtdıq, məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə olacaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, Şuşada və bütün başqa şəhər və rayonlarımızda öz bayrağımızı ucaltdıq. “Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti