“Bəyanata kimsə müdaxilə etmək istəsə, sərt mövqeyimizi görəcək” - İlham Əliyev

  01 Dekabr 2020    Oxunub : 1626
   “Bəyanata kimsə müdaxilə etmək istəsə, sərt mövqeyimizi görəcək” -    İlham Əliyev
Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib.

Dövlətimizin başçısı deyib: “Biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun”.

Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il idi kağız üzərində qalırdı. “Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev