“Xilasedicilərimiz məni qoyub qaçdılar” - Suqovuşanda minaya düşən erməni polkovnik

 “Xilasedicilərimiz məni qoyub qaçdılar” -   Suqovuşanda minaya düşən erməni polkovnik
  01 Dekabr 2020    Oxunub:35088
Noyabrın 23-də Suqovuşanda mina partlaması nəticəsində yaralanan erməni hərbçilərdən birinin ailəsi hökumətdən narazılıq edib. Hadisədən sonra ermənilərin yaratdıqları anormal situasiyanın bəzi detallarını yaralı zabitin həyat yoldaşı açıqlayıb. Maraqlıdır ki, erməni tərəfi yaralananların yalnız FHN işçiləri olması barədə məlumat yaymışdı. Amma partlayışda ağır xəsarətlər alanlardan biri məhz ordu zabiti - polkovnik-leytenant Vladimir Arutyunyan olub.
Azvision.az xəbər verir ki, zabitin həyat yoldaşı, Milli Təhlükəsizlik Xidmətinin işçisi Sofya Tosyan FHN əməkdaşlarının ərini hadisə yerində qoyub qaçmasından gileylənib:

"Artıq susa bilmərəm. Ərim müharibə zamanı Suqovuşanda ölmüş əsgərlərin cəsədlərini çıxararkən minaya düşdü. Dərhal ona bir Azərbaycan hərbçisi ilkin tibbi yardım göstərib. Hadisə nəticəsində Azərbaycan polkovniki (Babək Səmidli-red) vəfat etdi, həyat yoldaşım və iki xilasedici isə xəsarətlər aldılar. Köməksiz vəziyyətdə qalan erməni zabitini görən azərbaycanlı hərbçi ərimin təhlükəsizliyinə cavabdeh olduğunu söyləyərək yaralı rus sülhməramlı ilə birlikdə onu yaxınlıqdakı hospitala aparmağı təklif edib. Orada bizim cavabdeh şəxslər olublar axı. Niyə ərimi köməksiz vəziyyətdə qoyublar?”.

Erməni qadın daha sonra deyib ki, hazırda həyat yoldaşı xəstəxanadadır və vəziyyəti normaldır. O, daha sonra narazılıq edib ki, hadisə yerində olan xilasedicilər öz maşınlarına minərək heç nə olmamış kimi ərazidən uzaqlaşıb Ermənistana qayıdıblar.

Qadının sözlərinə görə, partlayışdan sonra ərinin silahdaşlarından biri geri qayıdan xilasedicilərlə yarı yolda rastlaşıb və soruşub ki, “polkovnik hadisə yerində qaldı?”

Beləcə xilasedicilər ona da fikir vermədən yollarına davam ediblər:

“Yerli hərbçilərdən birinin köməkliyi ilə ərimi Azərbaycana məxsus avtomobillə Dağlıq Qarabağa aparıblar. Mənə aydın olmayan odur ki, partlayışdan sonra xilasedicilər ayaq üstdə dura bilirlərmiş, hətta avtomobillərinə yaxınlaşıb hadisə yerini də tərk ediblər. Bəs niyə ərimi köməksiz qoydular?".

Daha sonra Minaya düşən hərbçi Vladimir Arutyunyan hadisə barədə danışıb. O deyib ki, müharibə zamanı iki tağımla Suqovuşanda - indi minaya düşdüyü ərazidə döyüşdə olub:

“Bir tağım vuruşdu, digəri ehtiyatda qalırdı. Yerdəyişmə olmalı idi, amma elə alındı ki, ehtiyat tağım ərazidən getdi. Onlardan sonra biz çox gec çıxdıq. Meşədən keçməli idik. Meşə qəbiristanlığına çatmadan orada vurulduq. Dəqiq bilmədim nədən atdılar, amma bir anda bir neçə partlayış oldu. Tağımdan iki nəfərimiz ölərək meyitləri ərazidə qaldı. Döyüş bitdikdən sonra əsgərlərimin cəsədlərini çıxarmağa getmişdim”.

Erməni zabit mina partlamasından sonra məhz azərbaycanlı hərbçinin yardımı ilə həyatda qaldığını təsdiqləyib: "Əvvəlcə mən və iki zabit öndə getdik. Azərbaycanlı yüksək rütbəli zabit rus dilində uca səslə dedi ki, “gözləyin, əvvəlcə mən irəlidə gedim". Həmin zabit bizə yaxınlaşdı və onunla iki addım atmışdıq ki, mina partladı. Daha sonra məni ərazidən çıxaran iki nəfər qaçıb xilasedicilərə dedi ki, burada qalın, polkovniki ərazidən çıxarıb gəlirik. Həmin iki nəfər ətrafımı təmizləyib məni hadisə yerindən uzaqlaşdırdı. Amma baxdıq ki, maşın yoxdur, xilasedicilər gediblər... Bilmirəm onlar niyə belə etdilər. Məni ərazidən çıxaran uşaqlar azərbaycanlılara müraciət etdilər və yerli həkim gəlib iynə vurdu. Yenə də azərbaycanlılara dedik ki, məni avtomobilə qoyub sərhədə çatdırsınlar. Amma azərbaycanlı zabit mənə cavabdeh olduğunu deyərək yaralı rus zabiti ilə birgə öz şəhərlərinə hospitala çatdırmağı təklif etdi”.

Xatırladaq ki, noyabrın 23-də Rusiya sülhməramlıları, Azərbaycan Silahlı Qüvvələrinin, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bir qrup nümayəndələri ölən hərbçilərin cəsədlərinin mübadiləsi üçün Tərtər bölgəsində ölənlərin axtarışlarını aparıblar. Axtarışlar zamanı rayonun Suqovuşan qəsəbəsi ərazisində mina partlayıb.

Hadisə nəticəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub. Rusiya sülhməramlı qüvvələrinin bir zabiti və 4 erməni yaralanıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Ermənizabit   Suqovuşan   FHN  





Xəbər lenti