“Dekabrın 1-dən defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq”

“Dekabrın 1-dən defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq”
  30 Noyabr 2020    Oxunub:2384
“Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Bu, Azərbaycanın tam qələbəsini təmin edən sənəd olmaqla bərabər üç rayonumuzun da döyüşsüz olaraq qaytarılması deməkdir.”
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat deyib ki, hazırda anlaşma əsasında nəzərdə tutulmuş Ağdam və Kəlbəcər rayonları müzəffər Ordumuzun tam nəzarəti altındadır və yaxın bir neçə saatda Laçın rayonu işğaldan azad ediləcək:

“Bu böyük qələbələr xalqımızın və bütövlükdə regionumuzun tarixində yeni sülh və əməkdaşlıq mərhələsinə yol açır. Hazırda prosesin tərkib hissəsi olaraq rus sülhməramlılarının regiona gəlməsi davam etdirilir. Sonuncu belə sövqetmə Azərbaycanın Rusiya Federasiyası ilə həmsərhəd bölgəsi olan şimal rayonlarımızdan daxil olmaqla Bərdəyə istiqamətləndirildi və tam təhlükəsiz şəraitdə sülhməramlılar və humanitar yüklər təyinat məntəqəsinə çatdırıldı. Bu fakt bir daha Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etibar və etimada söykənən münasibətlərin göstəricisi olmaqla bərabər həm də Azərbaycanın üzərinə götürdüyü hər hansı anlaşma şərtlərini məsuliyyətli dövlət kimi yerinə gətirməsi hadisəsidir”.

Deputatın fikrincə, bu vaxta qədər Rusiyadan gətirilən yüklər və sülhməramlı kontingent hava nəqliyyatı vasitəsilə Ermənistan üzərindən baş tuturdu ki, bu da əlavə xərclər və vaxt itkisi hesabına başa gəlirdi. Azərbaycanın üzərindən keçən yol nəqliyyat kommunikasiyası isə həm əlavə xərclərin, həm də vaxt itkisinin qarşısını alır:

“Dekabr ayının 1-dən sonra biz defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq ki, bu da özlüyündə üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasının başlanğıc mərhələsi hesab olunacaq. Kommunikasiyaların açılması isə yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımı şərtləri formalaşdıracaq. Hesab etmək olar ki, yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir və onun hər hansı insidentsiz baş tutması özlüyündə növbəti əməkdaşlıq münasibətləri üçün də çoxtərəfli etimad mühitinin yaranmasına xidmət edir. Nəticə etibarilə hamımız bilirik ki, regionumuzda sülhün və əməkdaşlığın bərqərar olunması, xüsusilə bunun ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasından sonra baş verməsi hamıdan çox elə Azərbaycanın istəyi idi və biz bu məqsədimizə çatmışıq.”

Tural Tağıyev
Azvision.az


Teqlər: Sülhməramlı   Deputat  





Xəbər lenti