Qəhrəman qardaşlar: Biri şəhid oldu, digəri qazi... - FOTOLAR

Qəhrəman qardaşlar:  Biri şəhid oldu, digəri qazi... -  FOTOLAR
  01 Dekabr 2020    Oxunub:16004
Biz Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşmüşdük. Övladlarım Nicat və Fəqan Qarabağ eşqi ilə böyüyüblər. Onların vətənpərvərlik ruhu yüksək olduğu üçün ikisi də hərbçi olmağa can atırdı. Oğlanlarım həm Aprel, həm də II Qarabağ döyüşlərində ön sıralarda olublar.
Bunu Azvision.az -a hər iki oğlu Vətən Müharibəsində iştirak edən Füzuli sakini Amil Zalov deyib. Müsahibimizin 30 yaşlı böyük oğlu Nicat Zalov 13 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir, gizirdir.



“Nicat aprel döyüşlərində də iştirak edib yaralanmışdı. II Qarabağ müharibəsində ön sıralarda olub. Füzuli rayonunun Merdinli kəndində döyüşlər zamanı snayperlə vurulmuşdu. Ayağı iki yerdən sınıb. Hazırda Mərdəkanda Reabilitasiya Mərkəzində müalicə alır”.

A.Zalovun 23 yaşlı kiçik oğlu, gizir Fəqan Zalov isə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı olub. 4 il xidmət edən F.Zalovun əsgərliyi Aprel döyüşlərində təsadüf edib. O, Aprel döyüşlərində topçu kimi iştirak edib.



“Balaca oğlum Cəbrayılda, Xüdafərin istiqamətində gedən döyüşlərdə dizindən qəlpə yarası almışdı. 2 gün Füzulidə, 3 gün Beyləqan xəstəxanasında, daha sonra 5 gün Hacıqabul xəstəxanasında yatdı. Həkimlərə qəlpəni dizindən çıxarmağa imkan vermədi. Qalmaq istəmirdi, deyirdi ki, döyüşə getmək istəyir. Yaralı vəziyyətdə hərbi hospitala göndərdilər. Həkimlər onun qayıtmasına icazə vermirdi. Məzuniyyət verilsə də 2 gün evdə qalandan sonra yenidən döyüşlərə qayıtdı. Noyabrın 9-u saat 6 radələrində Xocavənd istiqamətində şəhid olub. Atılan mərmi boynuna, ürəyinə dəymişdi. Ürəyinin üstündə bayraq gəzdirirdi. Mənə deyirdi ki, “ata arzum odur ki, hansısa yüksəkliyə çıxsam, bayrağı ora sancım”.



A.Zalovun sözlərinə görə, oğlu döyüş yoldaşlarından qabaq yüksəkliyə qalxanda, düşmən gülləsinə tuş gəlib. Şəhid atası övladlarının hərbi sahəyə böyük maraq göstərdiklərini söyləyib: “Nicat Ağdamda xidmət edirdi, bir gün zəng etdi ki, bəs XTQ-dən gəlib seçirlər, ora gedəcəyəm. Mən bir az təkid etdim ki, zəif uşaqsan. Dedi ki yox, “bu yolu seçmişəm və getməliyəm, hərbçi olmaq istəyirəm”.



Kiçik oğlum Fəqan da əsgərlikdən qayıdandan sonra bildirdi ki, “hərbçi olmalıyam. Qardaşım da hərbçidir. Onun ardınca gedəcəyəm”. Hərbçi olmaq onların uşaqlıq arzusu idi. Kiçik oğlum Sabirabad rayonunda dünyaya gəlib. O, həmişə deyirdi ki, "ata mən Qarabağı heç vaxt görməmişəm. Amma oranı tezliklə azad etmək ən böyük arzumdur". Müharibə başlayanda bəzən onlarla söhbət etməyə imkan olurdu. İkisi də deyirdi ki, “ata 27 ildir alnımızda olan bu damğanı, ləkəni təmizləyəcəyik. Torpaqlarımızı düşmən işğaldan azad edəcəyik”.



Qəhrəman övladları ilə fəxr etdiyini deyən A.Zalov vurğulayıb ki, müzəffər Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olunub: “Fəxr edirəm ki, oğlum Vətən yolunda şəhid oldu. Şəhidlik ən ali zirvədir. Bu gün torpaqlarımız alındı. Bundan sonra gələn nəsil firavan yaşayacaq.

Müharibə başlayanda Fəqan və Nicat dedi ki, “ata bizdən narahat olma. Biz Vətəni azad etməyə gedirik. Şəhid olsaq, yaralansaq da narahat olma”. Fəqan şəhid oldu, Nicat da ağır yaralandı. Hələki yeriyə bilmir. Həkimlər deyirlər ki, düzələcək”.

















Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Döyüş   Şəhid  





Xəbər lenti