Erməni əsgər anaları yenidən etiraz edir: “Övladlarımızı dərhal Qarabağdan çıxarın!”

  28 Noyabr 2020    Oxunub : 2627
Erməni əsgər anaları yenidən etiraz edir:  “Övladlarımızı dərhal Qarabağdan çıxarın!”
Ermənistanda hərbi qulluqçuların valideynləri yenidən hökumət binası qarşısında etiraz aksiyası keçirir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, əsgər yaxınları baş nazir Nikol Paşinyanla keçirlən görüşdən razı qalmadıqlarını bildiriblər.
Etirazçılar müharibədən sonra övladlarının Ermənistana gətirilməsini tələb edirlər.

“Dünən 5 nəfərlik bir qrupla görüş oldu, ancaq bizi görüşün nəticələri qane etmir. Baş nazir 2 gün istədi, lakin danışıq aparan valideynlər mənfi cavab alacaqlarına əmindir. Ona görə də yenidən buradayıq. Tələbimiz eynidir – övladlarımızı dərhal Qarabağdan çıxarın", - deyə etiraz edən qadınlardan biri Lusin Aroyan bildirib.

Onun sözlərinə görə, hər gün kəndlərin təhvil verilməsi ilə bağlı yeni məlumatlar alınır, Qarabağa gedən yeganə yolun keçdiyi Laçının təhvil verilməsindən sonra oğullarının əsir olacağından qorxurlar.

Qadın 44 günlük amansız müharibədən sonra qalma şərtlərindən də danışıb: "Oğlum Cəbrayılda xidmət etdi, topçu idi. Cəbrayılda, Füzulidə bütün ağır döyüşlərdə iştirak etdi, Şuşada oldu. Cəbrayıl və Füzulidə xidmət edən sağ qalan hərbçilər əsasən Xocavəndə köçürülüblər. Onlar uşaq bağçasında, məktəbdə, çöldə olduqca çətin şəraitdə gecələyirlər”.

Nikol Paşinyanla görüşdə iştirak edən valideynlərdən digəri baş nazirin bütün sualları cavablandırması üçün 30 noyabr tarixinə qədər vaxt istədiyini xatırladaraq əlavə edib ki, gözləməyə vaxt yoxdur.

Onun sözlərinə görə, 2 gün uzun müddətdir və hər saat ölümcül ola bilər.

Valideynlərdən biri 18-20 yaşlı uşaqların cəhənnəmdən keçdiyini, indi bir çoxunun tibbi yardıma ehtiyacı olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Aksiya   Etiraz