İrandan narkotik gətirən qardaşlar tutuldu

  27 Noyabr 2020    Oxunub : 1878
   İrandan narkotik gətirən qardaşlar tutuldu
Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Res­pub­likası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə “heroin” və 115 ədəd “Metadon-40” həbləri aşkar olunaraq götürülüb.

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı Astara rayonunun Rüdəkəran kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Azvision.az

Teqlər: DSX   Narkotik