Şuşa döyüşlərində şəhid olan qəhrəman gizir: “Mənimlə fəxr edərsiniz” - (FOTO)

  27 Noyabr 2020    Oxunub : 16652
 Şuşa döyüşlərində şəhid olan qəhrəman gizir:  “Mənimlə fəxr edərsiniz” - (FOTO)
Neftçala rayonunun Cəngən kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Şahmar Mənəfov Şuşa şəhəri uğrunda döyüşlərdə şəhid olub.

Şəhidin atası Vidadi Mənəfov Azvision.az -a bildirib ki, Şahmar qayğıkeş, tələbkar və vətənpərvər övlad idi:
“Elə bir oğul idi ki, onun itkisi hələ də can yandırır. Vətənini, dövlətini sevirdi. 11 il hərbidə xidmət etdi. İşi barədə heç vaxt danışmırdı. 3-4 il sülhməramlı qüvvələrdə oldu. Sonra könüllü Xüsusi Təyinatlı Qüvvələrə keçdi. Təlimlərdə iştirak edirdi. Onun acısına kövrəlsəm də, sevinirəm ki, 2 bacının yeganə qardaşı indi ən ali zirvədədir.

Həyat yoldaşım onkoloji xəstə idi. Avqustun 1-də Şahmarı evləndirdik, öz aramızda yığıncaq oldu. Avqustun 4-də yoldaşım vəfat etdi. İki ay ərzində mənim üçün əziz olan 2 insanı itirdim”.



V.Mənəfov bildirib ki, oğlu Aprel döyüşlərinin də iştirakçısı olub: “Lələtəpəni azad edən, ora bayraq asanlardan biri mənim oğlum olub. Sentyabrın 27-də əks hücum əməliyyatlarında iştirak edib. Bir çox torpaqlarımızın azad olunmasında iştirak edib, Şuşaya qədər gedib çıxmışdı. Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Əsgər yoldaşları yaralanıb hospitalda müalicə olunurlar. Onlar bildirdilər ki, Şahmar çox diqqətli insan idi, biz onun şəhid olacağına inanmırdıq”.



Şəhidin həyat yoldaşı Bəyim Mənəfova bildirib ki, Şahmarın arzusu Milli Qəhrəman olmaq idi.

“Döyüşə getməmişdən əvvəl evdə söhbət edirdik. Şəhidləri, Milli Qəhrəman Mübariz İbrahimovu göstərirdilər. Dedi ki, “nə gözəldir Milli Qəhrəman oldu. Mən də Milli Qəhrəman olardım, bütün Azərbaycan məni tanıyardı”.

Döyüşlərdən bir gün öncə mənimlə görüşdü. Dedim ki, “Şahmar gedirsən, yəqin qayıtmayacaqsan”. Dedi ki, “yox, axşam gələcəm”. Biz Göytəpədə kirayədə qalırdıq. Getdi, axşam evə gəldi. Mən pis olmayım deyə, döyüşə gedəcəyini gizlətmişdi. Səhər evdən qaçaraq getdi. Mənə dedi ki, narahat olmayın, gələcəyəm. Amma gəlmədi. Bacısına zəng etmişdi ki, gedin yoldaşımı götürün, evdə tək qalmasın.



Arzusu qəhrəman olmaq idi və arzusuna çatdı. O, Vətənə çox bağlı idi. Kimlərsə Vətəndən, dövlətdən nəsə istəyəndə həmişə deyərdi ki, “sən bu dövlət üçün nə etmisən ki, nə də istəyirsən”. Deyirdi ki, “mən getməyim, o biri getməsin, bəs bu Vətəni kim qorusun?” Həmişə bildirirdi ki, “şəhid olsam, mənimlə fəxr edəsən, sənin yoldaşın fəxr olunası igiddir”.

B.Mənəfovanın sözlərinə görə, Şahmar bir çox ölkələrdə - Türkiyə, Əfqanıstan və Bolqarıstanda təlimlərdə iştirak edib. Erməni dilini sərbəst bilirdi.



“Sonuncu dəfə oktyabrın 16-da danışdıq. Heç vaxt döyüşlərdən danışmırdı. Elə hal-əhval soruşurdu, yeməyin olub-olmaması barədə, hər şeyin yaxşı olduğu barədə danışırdıq. Deyirdi ki, “erməni şərəfsizləri kimdir ki, onlardan qorxaq, biz onların hamısını məhv edəcəyik. Qarabağ bizimdir, Qarabağı işğaldan azad etməmiş geri dönməyəcəyik”.

Şahmar döyüşlərdə əvvəl burnundan yüngül yaralanmışdı, amma davam edib. Daha sonra qolundan və ürəyindən yaralanıb. Dostları deyir ki, Şahmar düşməni məhv etməklə yanaşı, çoxlu sayda erməni texnikasını da sıradan çıxarıb”.





Aytən Zəhra
Azvision.az

Teqlər: Neftçala   Şəhid