Qızları Allahverdi Bağırovun məzarını ziyarət etdi - VİDEO

  27 Noyabr 2020    Oxunub : 2304
 Qızları Allahverdi Bağırovun məzarını ziyarət etdi -  VİDEO
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər.

Azvision.az -ın məlumatına görə, Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitləridir. DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər.


Qeyd edək ki, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" futbol klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Ağdam döyüşlərində böyük qəhrəmanlıq göstərib. Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanik kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, doğulduğu Ağdam rayonunda dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Qəhrəman   Allahverdi-Bağırov