“Koreya məcburi köçkünlərə dəstəyi genişləndirəcək” - Səfir

“Koreya məcburi köçkünlərə dəstəyi genişləndirəcək” -  Səfir
  26 Noyabr 2020    Oxunub:2113
Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub, “2020-ci il Qaçqın və Məcburi Köçkünlərə Dəstək tədbiri” çərçivəsində qaçqın və məcburi köçkünlərə çatdırılacaq yardım məhsullarını təqdimetmə mərasimində iştirak edib.
Bu barədə Azvision.az -a Koreyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, səfir, komitə sədri Rövşən Rzayevlə görüşü zamanı Koreyanın da bölünmə tarixini yaşadığından 10 milyona yaxın qaçqının olduğunu və bu səbəbdən qaçqın və məcburi köçkünlərin çətinliklərini çox yaxşı başa düşdüyünü qeyd edib.

Koreyanın Azərbaycandakı səfirliyi 2014-cü ildən başlayaraq hər il Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş şəxslərə dəstək tədbirləri həyata keçirir.

Səfirlik 2019-cu ildə Qaradağ rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş Qobu Park yaşayış kompleksinə səfər edərək sakinlər üçün könüllü tibbi xidmət, şagirdlər arasında inşa müsabiqəsi, məktəbin texniki avadanlıqlarla təmini, məcburi köçkün ailəsinə ziyarət kimi dəstək tədbirləri təşkil edib. Ancaq bu il pandemiya ilə əlaqədar olaraq yardım məhsullarının təminatı ilə kifayətlənməli olub.

Koreyanın Azərbaycandakı səfirliyi qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirməyi planlaşdırır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: KimTonqOp   Koreya   Səfir  





Xəbər lenti