Daha 3 rayonda şəhid ailələri və əlillərə ev verilib

  26 Noyabr 2020    Oxunub : 975
Daha 3 rayonda şəhid ailələri və əlillərə ev verilib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 mənzil və fərdi ev (Lənkəranda 10 mənzil, Sabirabad və Salyanda 9 fərdi ev) şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

V.Nəsirli vurğulayıb ki, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməklə güclü Ordular sırasında olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan düşmənə qarşı mübarizədə sarsılmaz milli birliyin yenilməz nümunəsini ortaya qoydu. Bu parlaq Qələbə ilə məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyuldu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələri də yaradılacaq.

Nazir müavini şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı işlərindən bəhs edib. O, dövlət başçısının tapşırığı ilə bu işlərin ildən-ilə geniş vüsət aldığını diqqətə çatdırıb.

Bildirib ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə rekord həcmdə - azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan artıq böyük əksəriyyəti təqdim edilib.

Ümumilikdə ötən dövrdə 8423 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.

T.Qaraşov sosial sahəyə dövlət qayğısının daim artmaqda olduğunu, Lənkəran rayonunda da sosial müdafiə tədbirlərinin geniş miqyasda davam etdirildiyini bildirib.

Evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbənin əldə olunmasının onlar üçün ən böyük hədiyyə olduğunu, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçirdiklərini qeyd ediblər. Xalqımıza sonsuz zəfər sevinci bəxş etdiyinə və bu qələbə ovqatlı günlərdə onlara mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Azvision.az

Teqlər: Şəhid   Əlil