“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis edildi

  “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis edildi
  26 Noyabr 2020    Oxunub:3557
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az -ın məlumatına görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” ən ali fərqlənmə dərəcəsidir.

Əsasnaməyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inandlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- “Vətən Müharibəsi Qəhrəmanı” medalı;

- “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vətən-Müharibəsi-Qəhrəmanı   Milli-Məclis  





Xəbər lenti