“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir

      “The Jerusalem Post”:    Azərbaycan İsrail üçün mühüm ölkədir
  25 Noyabr 2020    Oxunub:2037
Bu yaxınlarda Azərbaycanın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı apardığı müharibə rəsmi Bakının böyük qələbəsi ilə nəticələndi. Bu münasibətlə bir çox sosial şəbəkə istifadəçiləri Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı İsrail bayrağının da fotoşəklini paylaşıblar.
Azvision.az xəbər verir ki, israilli hərbi ekspert Set Fransman bu barədə İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Müharibədə qələbə ilə əlaqədar Azərbaycanda İsrail bayraqları qaldırılıb. Münasibətlər bundan sonra da inkişaf edəcəkmi?” sərlövhəli məqaləsində yazır.

Türkiyənin Bakının hərbi səylərini dəstəklədiyini bildirən məqalə müəllifi vurğulayır: “Azərbaycan uzun illər ərzində İsraildən pilotsuz uçuş aparatları və müxtəlif növ silah-sursat alıb. Məhz bu nöqteyi-nəzərdən İsrailə Azərbaycanın strateji tərəfdaşı kimi baxılır. Bu, onu göstərir ki, strateji münasibətlər indi inkişaf edə və möhkəmlənə bilər.

Son onilliklər rəsmi Bakı ordunu yaxşılaşdıraraq və möhkəmləndirərək, özünün hərbi və texnoloji imkanlarını artırmağa çalışıb, düşmənin tanklarını və artilleriyasını məhv etməkdən ötrü texnologiyalardan - bir növ ani hərbi-hava qüvvələri qismində müasir dronlardan və pilotsuz uçuş aparatlarından istifadəyə səy göstərib. Bütün bunlar elə baş verdi ki, Bakı uğurla və effektli şəkildə hərəkət edərək Ermənistanın işğalçı qüvvələrinin zirehli tank bölmələrinə sarsılmaz və ağır zərbələr endirdi”.

Set Fransman vurğulayır: “1990-cı illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib və bu region özünün qondarma “müstəqilliyini” elan edib və bununla da özünü dünya birliyi tərəfindən qəbul edilməyən kiçik dövlətlərə oxşadıb. Müxtəlif beynəlxalq təşkilatlar bu münaqişəni həll etməyə cəhd göstərsələr də, münaqişə nizamlanmayıb.

Bu dəfə müharibə Ermənistan üçün ciddi məğlubiyyətə çevrildi. Noyabrın ilk həftəsində işğalçı qüvvələr ciddi itkilər verdilər. Müharibə başlandıqdan 44 gün sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşmaya müvafiq olaraq, Rusiya ordusu regionda özünün sülhməramlı qüvvələrini yerləşdirdi, ermənilər isə Azərbaycanın işğal altında olan ərazisinin böyük hissəsini tərk etdilər”.

İndi sual yaranır, rəsmi Bakının İsrail ilə münasibətləri möhkəmlənəcəkmi?

İsrailli hərbi ekspert deyir: “İsrail və Azərbaycan bir neçə ümumi maraqlara sahibdirlər, onlardan biri enerjidaşıyıcıları ticarəti və müdafiə sənayesidir. İsrailin texnologiya sahəsində əməkdaşlıq baxımından Bakıya təklif edəcəyi çox şey var.

Bakıda İsrail bayraqlarının dalğalanması Azərbaycanın bu ölkəyə açıqlığının təzahürüdür. İsraildə Azərbaycan diasporunun Azərbaycana dəstək mitinqləri də keçirilib. Xarici siyasət strategiyası sübut edib ki, Azərbaycan İsrail üçün strateji cəhətdən mühüm ölkədir”.

Azvision.az


Teqlər: Azərbaycan   İsrail  





Xəbər lenti