“Bu gün kəlbəcərlilər üçün möcüzəli gündür”

 “Bu gün kəlbəcərlilər üçün möcüzəli gündür”
  25 Noyabr 2020    Oxunub:1718
“Elə bilirəm ki, yuxudayam. Özümü başqa bir dünyada kimi hiss edirəm. Kəlbəcərlilər üçün bu gün çox dəyərli bir gündür”.
Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov deyib. Kəlbəcərdə doğulub böyüyən həmsöhbətimiz doğma yurdunun azad olunmasına ürəkdən devindiyini bildirib.



“Bu gün qiyməti olmayan bir gündür. 30 ildir ki, hər kəs bu anı gözləyirdi. Ermənilərin çıxması üçün əlavə edilən müddət hər bir kəlbəcərlidən böyük dözüm tələb etdi. Amma səbr etdik. Hamının gözü aydın olsun. Bu gün ayrı bir gündür. Belə bir tarixin yaşanacağını Ulu Öndər Heydər Əliyev də bilirdi. 1996-cı ildə kəlbəcərlilərlə görüşəndə dedi ki, şübhəsiz bir gün gələcək Kəlbəcər mütləq azad olunacaq. Həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar. Bax o gün bu gündür. Şücaətin belə bir şeiri var:

Sücaət neyləyək baxt belə baxtdı,
Darıxma hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər.


Şücaət də bir şair olaraq bu günü görürdü. Son bir neçə ildə ümidim azalmışdı. Mən elm adamıyam. Güc, qüvvət nədir, qüvvətlərin toplanması nədir, yaxşı bilirəm. Fikirləşdim ki, bir millətin dalında Fransa, Rusiya, ABŞ dayanıbsa, onlarla mübarizə çətin olacaq. Amma bu baş verdi. Kəlbəcərin azad olunması möcüzədir. Bu gün kəlbəcərlilər üçün möcüzəli gündür.



Sosial şəbəkədə yazmışdım ki, Kəlbəcər qışda kəlbəcərlilərin, yayda bütün azərbaycanlılarındır. Bundan sonra Kəlbəcərdə qış turizmi də açıla bilər. Xizək meydançaları salıınar. Kəlbəcər həm yayda, həm qışda bütün Azərbaycanın olar.

1991-1992-ci illərdə orada tez-tez olurdum, anama baş çəkirdim. 1993-cü il girəndən sonra müqəddəs yerləri ziyarət etmə imkan vermədilər. Kəlbəcərə ayağımı basan kimi əyilib torpağını öpəcəyəm. Müqəddəs yerlərə gedib ziyarət edəcəyəm.

Kəlbəcərlilər heç bir rayonda öz rahatlıqlarını tapa bilmirdilər. Çünki öz torpağımzdakı gözəllik bənzərsizdir. İndi ora qar yağır. Mənə elə gəlir ki, yuxudayam. Yuxudan ayılmış insan kimi öz-özümə deyirəm ki, yəni bu realdır? Sözün qüvvəsi çatmır onu təsəvvür etməyə”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kəlbəcər   ŞahlarƏsgərov  





Xəbər lenti