“Kəlbəcərin azad olunması bizə yuxu kimi gəlir” - Rektor

“Kəlbəcərin azad olunması bizə yuxu kimi gəlir” -  Rektor
  25 Noyabr 2020    Oxunub:2754
“Bir neçə ay öncə kəlbəcərlilərdə ruh düşkünlüyü var idi. Onlar torpaqlarının geri qayıdacağına elə də ümidli deyildilər. Amma çox şükür ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bir neçə ilə işğal edilmiş torpaqları 44 gün ərzində azad etdi”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun(Aİİ) rektoru, Kəlbəcərdən olan Aqil Şirinov deyib. Rektor bu gün Kəlbəcərin Azərbaycana qaytarılmasını tarixi hadisə kimi qiymətləndirib:

“İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyimiz zəfərlərin nəticəsi olaraq düşmən məcbur qaldı ki, digər üç rayonu-Kəlbəcər, Ağdam və Laçını bir güllə belə atılmadan tərk etsin. Mütəmadi olaraq bir çox kəlbəcərli ilə ünsiyyətdə oluram. İnsanlara öz rayonunun düşmən tapdağından azad edilməsi yuxu kimi gəlir. Yəni Kəlbəcərin Azərbaycanın nəzarətinə qayıtması, üstəgəl rayonu bu şəkildə, qan tökülmədən geri almağımız insanlarımıza hələ də real görünmür. Vətəndaşlarımız, kəlbəcərlilər bu səbəbdən dövlətimizə, Ordumuza minnətdardırlar və şəhidlərimizə rəhmət oxuyur, qazilərimizə isə Allahdan şəfa diləyirik”.

Kəlbəcərin Azərbaycanın füsunkar bölgələrindən biri olduğunu deyən rektor, son günlərdə bütün dünyanın rayonu boşaldan ermənilərin törətdiyi vəhşilikləri müşahidə etdiyini söyləyib:

“Təəssüf ki, mənfur düşmən buradan çıxanda da öz xislətini göstərərək rayonu dağıtdı. Yəni ermənilər necə daxil olmuşdularsa, elə də çıxdılar, evləri, hər yeri yandırdılar… Amma əsas Kəlbəcərin ruhudur ki, o ruh da qalıb! Biz bu torpaqlara yenidən qayıdaraq burada quruculuq işləri ilə məşğul olacağıq. Azərbaycan xalqı Kəlbəcəri daha gözəl bir bölgəyə çevirəcək!”

Tural Tağıyev
Azvision.az



Teqlər: Kəlbəcər   Aİİ   Aqil-Şirinov  





Xəbər lenti