Bu gün Kəlbəcər Azərbaycana qaytarılır

   Bu gün Kəlbəcər Azərbaycana qaytarılır
  25 Noyabr 2020    Oxunub:2315
Bu gün Azərbaycanın Kəlbəcər rayonu 27 ildən sonra erməni işğalından azad edilir.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi Kəlbəcərdən çıxmaq üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan növbəti dəfə humanistlik göstərərək müddəti noyabrın 25-dək uzatdı.

Bu gün artıq son gündür və Kəlbəcər rayonu 27 illik işğaldan azad olunaraq Azərbaycan Ordusunun nəzarətinə keçir.

Xatırladaq ki, Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər girov götürülüb və itkin düşüb. İlkin hesablamalara əsasən, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, qətnamədən irəli gələn öhdəliklər yerinə yetirilməyib.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib.

Xatırladaq ki, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, noyabrın 20-də Ağdam rayonu Ordumuzun nəzarətinə keçib. Laçın rayonu isə dekabrın 1-dək boşaldılaraq Azərbaycana qaytarılacaq.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti