“Yazılarımı üzə çıxartmağa utanırdım” – Müsahibə

“Yazılarımı üzə çıxartmağa utanırdım” – Müsahibə
  06 Fevral 2014    Oxunub:1283
“Jurnalist etikası anlayışından xəbəri belə olmayan "jurnalist"lə rastlaşanda təəssüf hissi keçirirəm”.
AzVision.az Azərbaycan Dillər Universitetinin(ADU ) mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın müsahibəsini oxuculara təqdim edir.

-Zeynəb xanım, başlayaq sizin jurnalistikaya gəlişinizdən. Necə oldu ki, jurnalistikaya gəldiniz?

- Uşaqlıqdan jurnalist olmaq istəyirdim. Ona görə də sənədlərimi bu sahə üzrə verdim. Əslində orta məktəb vaxtı hekayə və şer yazsam da üzə çıxartmağa utanırdım. Amma məktəb tədbirlərində həmişə aparıcı olurdum, mütləq çıxışlar edirdim. 1994-cü ildə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Bu sahəyə marağım böyük olduğundan artıq seçimimi etmişdim .

1998-ci ildə oranı Beynəlxalq jurnalistika ixtisasını bitirdim, sonra BDU-da beynəlxalq jurnalistika üzrə magistraturada oxudum. Daha sonra Bakı Slavyan Universitetində dissertanturanı başa vurdum. Elmi işimin mövzusu da mətbuatla bağlı id: "Qarabağ münaqişəsi Fransa mətbuatında". Jurnalistlik fəaliyyətimə radiodan başlamışam. Azərbaycan Dövlət Radiosunun İqtisadiyyat şöbəsində reportyor işləmişəm. İlk süjetim xalça sexindən reportaj olub. KİV-in bütün sahələrində iş təcrübəm olub.

-Bəs, ADU-nun mətbuat xidmətinə necə keçdiniz?

-ADU-nun Mətbuat xidməti faktiki olaraq 2008-ci ildən fəaliyyətə başlayıb. Amma rəsmi əmr rektorumuz Səməd Seyidov tərəfindən fevralın 4-də 2009-cu ildə imzalanıb. Dekabrın 3-də işə başladım. O zaman hələki əməkdaşlar yox idi.
Dekabrın 5-də ADU-da İnformasiya Resurs Kompleksini açılışı oldu.

Həmin tədbirə KİV-in dəvəti və tədbir günü onlarla işləmək mənim üzərimə düşürdü. Bu, mənim Dillər Universitetində Mətbuat katibi kimi ilk tədbirim olub. Nəzərə alsaq ki, tədbirə həm də dövlət və hökumət nümayəndələri, deputatlar, ictimai təşkilatlardan da dəvətli idilər. Media nümayəndələri həmin şəxslərdən müəyyən suallara cavab istəyirdilər. Dekabr və yanvar ayları ərzində, yəni şöbə tam formalaşa qədər, əməkdaşların işə qəbuluna qədər bütün işləri özüm tək həyata keçirirdim. Sonra 3 nəfər əməkdaş işə qəbul edildi.

-Tək işlədiyiniz zamanlarda hansı çətinliklərlə qarşılaşdınız?

-İşin həcmi o zaman bütünlüklə mənim üzərimə düşdüyü üçün demək olar ki, axşam saat 10-dan tez evə gedə bilmirdim.
Çünki həm özüm burada yeni idim, həm də bu ali təhsil müəssisəsində belə bir qurum heç vaxt mövcud olmamışdı.
Universitetin mətbu orqanı olan "Poliqlot" qəzetini də rektor Səməd Seyidov mənə həvalə etdi. Ona görə də mən həm Mətbuat katibi, həm də qəzetin baş redaktoru olaraq iki vəzifə yerinə yetirirəm.

-İndi rəhbəri olduğunuz şöbədə neçə nəfər çalışır?

Hazırda şöbəmizdə "Poliqlot" qəzeti redaksiyası və Protokol xidməti əməkdaşları hamısı birlikdə 8 nəfər əməkdaş var.

-Jurnalistlərlə işləməyin hansı çətinlikləri var?

-Bizim işimizin əsasını jurnalistlərlə iş təşkil edir. KİV-lə əlaqə Mətbuat xidmətinin vəzifəsidir.

-Olub ki, anlaşılmazlıq üzündən hansısa mətbu orqanı ilə narazılıq yaransın?

-Jurnalistlərin də öz funksiyaları və vəzifələri var. Amma bəziləri özləri bunu bilmirlər. Hərdən olur ki, aidiyyatı olmayan məsələlərə münasibət istəyirlər. Ümumilikdə isə, təhsildən yazan jurnalistlərlə heç bir problemimiz yoxdur.

Hər zaman əlaqə saxlayır və universitetin həyatı ilə maraqlanırlar,ya da ki, bizim mətbuat üçün materiallarımızı işləyirlər.

-Əvvəlki illərlə müqayisədə, necə düşünürsünüz hazırkı şəraitdə mətbuatda olmaq çətindir?

-Hansısa işlə məşğul olursansa, əgər həmin sahəni bilirsənsə, bu cəhətdən çətinlik yoxdur. Bəlkə də əvvəl daha çətin idi, çünki əlinə qələmi götürüb yazı yazanda bir məsuliyyət hiss edirdilər. İndi isə, hamı jurnalist olub. Jurnalist etikası anlayışından xəbəri belə olmayan "jurnalist"lə rastlaşanda, təəssüf hissi keçirirəm.Yəni bu, ümumi jurnalistikada olan bugünki problemlərdir.

-Gələcəkdə də mətbuat xidməti postunda da qalmaq fikriniz var?

-Bu il bizim xidmətin 5 yaşı tamam olur. Bu beş ildə biz Mətbuat xidməti olaraq analoji strukturlara bu işin necə qurulmasını, işgüzar əməkdaşlığın, KİV-lə əlaqənin ali təhsil müəssisəsi üçün vacibliyini nümunə olaraq ortaya qoyduq. Bu, həm bizim Mətbuat xidmətinin əməkdaşlarının əməyi, zəhməti, olmaqla bərabər, eyni zamanda universitetin rəhbərinin bizim üçün yaratdığı şəraitin nəticəsidnə mümkün olub. Torpağa düşən toxum da münbit yerdə boy verib cücərə bilər. Bu baxımdan, bu illər ərzində gördüyümüz işlərə görə Səməd Seyidova borcluyam. O, müəssisə rəhbəri kimi məni bu işə dəvət edib, bu vəzifəyə təyin edib.

-Ailə ve iş,eyni zamanda bunları görmək sizə çətin olmur ki?

-Əslində səmimi desək, çatdırmıram. Həmişə kimsə mənə kömək edir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti