İlham Əliyev: `Korrupsiyaya yer olmamalıdır - bütün məmurlar eşitsinlər, bilsinlər və elə işləsinlər ki...` -

İlham Əliyev: `Korrupsiyaya yer olmamalıdır - bütün məmurlar eşitsinlər, bilsinlər və elə işləsinlər ki...` -
  06 Fevral 2014    Oxunub:860
“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcək. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcək”.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da gözəl nəticələr verəcək: `Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin`.

Prezident deyib ki, ölkədə daxili vəziyyət çox sabitdir. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir: `Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi.

Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaq. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır`.


Teqlər:  





Xəbər lenti