YAP-da yoxlamalar aparılacaq

YAP-da yoxlamalar aparılacaq
  05 Fevral 2014    Oxunub:884
Bu gün Yeni Azərbaycan Partiyasının Partiyadaxili inkişaf və intizam komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü il üçün iş planı müzakirəyə çıxarılıb.

Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumatına görə, İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov komissiyanın 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.

K.Kərimov bildirib ki, YAP-ın İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasının qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb. Onlardan biri də Partiyadaxili inkişaf və intizam komissiyasıdır. «Komissiya rayon (şəhər) təşkilatlarının fəaliyyəti barədə partiyanın mərkəzi aparatına daxil olan hesabatlarından nümunələr götürür, araşdırmalar təhlillər, tədqiqatlar aparıb, nəticələri barədə İcra Katibliyinə təqdim edəcək, ildə iki dəfə Komissiya partiya təşkilatlarında partiyanın məqsəd və vəzifələri barədə Nizamnamə tələblərinə, partiya üzvlərinin hüquq və vəzifələrinin təminatına əməl edilməsinə, partiya üzvünün şərəf və ləyaqətinin qorunmasına dair araşdırmalar aparıb, nəticələrini təşkilatlarla müzakirə edəcək»- deyə, K.Kərimov vurğulayıb.

Komissiya sədri qeyd edib ki, partiyadaxili inkişafın müasir mərhələdə əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət göstəricilərinin səviyyəsinin yüksədilməsidir.

K.Kərimovun sözlərinə görə, partiyaya qəbulla əlaqədar müraciət edənlərin ideya-siyasi dünyagörüşünə, mənəvi-əxlaqi keyfiyyətinə, milli vətənpərvərlik hissələrinə, partiyanın Nizamnamə və Proqramında təsbit olunmuş prinsiplərinə uyğunluğu məsələləri daim nəzarətdə saxlanmalı, bu sahədə də daha müsbət nəticə göstərən təşkilatların iş təcrübəsi ümumiləşdirilib yayılmalıdır.

O deyib ki, komissiya Partiyadaxili inkişaf və intizam komissiyasının iş prinsiplərinə dair Əsasnamə və “Partiya intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları” adlı təlimat işləyib hazırlayır. «Bundan əlavə, iş planına komissiyanın rayon (şəhər) təşkilatlarının ilk təşkilatlarla əlaqələri və işbirliyi haqda tədqiqatlar aparır, nümunəvi təşkilatların iş metodlarını digər təşkilatlar arasında yayır. Həmçinin, partiyanın Qadınlar Şurası və Gənclər Birliyi ilə işbirliyi qurulacaq, onları maraqlandıran məsələlər barədə birgə tədqiqatlar aparılacaq»- deyə, K.”Kərimov qeyd edib.

Daha sonra iclasda komissiya üzvləri çıxış edərək iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda Partiyadaxili inkişaf və intizam komissiyasının 2014-cü il üçün iş planı təsdiqlənib.

Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əliyev Partiyadaxili inkişaf və intizam komissiyasının sədr müavini seçilib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti