“Ordumuzun döyüş ruhu yüksək səviyyədədir” - Anar Eyvazov

  31 Oktyabr 2020    Oxunub : 2079
  “Ordumuzun döyüş ruhu yüksək səviyyədədir” -   Anar Eyvazov
Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və Tərtər, Ağdam, Ağcabədi daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya qurğularından və raketlərlə atəşə tutub.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən yenə də dezinformasiya yayaraq Azərbaycan Ordusunun guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları apardığını iddia edib. Reallıqda isə bu istiqamətdən Qubadlını artilleriya atəşinə tutan legitim hərbi hədəfə ordumuz adekvat cavab tədbirləri olaraq atəş açıb.

“Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistanın xüsusi təyinatlılardan ibarət kəşfiyyat-diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Onları daşıyan avtomobil texnikası da şəxsi heyətlə birlikdə dəqiq atəş zərbəsi ilə məhv edilib. Bundan başqa, cəbhənin digər istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 “Smerç” və üç “Qrad” olmaqla 5 yaylım atəşli reaktiv sistemi, 5 tankı, 3 piyada döyüş maşını, 15 müxtəlif tipli artilleriya topu, 1 “Osa” zenit raket kompleksi, 1 radioelektron mübarizə stansiyası, biri sursatla dolu 3 avtomobil texnikası ordumuzun cavab tədbirləri nəticəsində məhv edilib”, - deyə A.Eyvazov bildirib.
Düşmən cəbhənin dərinliklərində darmadağın edilir

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Ordusunun Xocalını, Şuşanı və Xankəndini raket atəşinə tutması, bunun guya mülki əhaliyə qarşı yönəlməsi barədə Ermənistan mətbuatının tirajladığı məlumatlar da saxtadır, növbəti dezinformasiyadır. Ordumuz düşməndən fərqli olaraq, mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır. Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah-sursat yoxdur. Bununla bağlı yayılan dezinformasiyalar düşmənin törətdiyi müharibə cinayətlərindən diqqəti yayındırmaq məqsədi daşıyır.

“Hazırda qoşunlarımız bütün istiqamətlərdə əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuzun döyüş ruhu yüksək səviyyədədir. Ali Baş Komandanımızın bütün döyüş tapşırıqları icra edilir. Qələbə bizimlədir”, - deyə mətbuat katibi vurğulayıb.

Azvision.az

Teqlər: Anar-Eyvazov