Dünyaca məşhur şirkətin rəhbəri Azərbaycan qızılını necə talayıb? - ARAŞDIRMA

  31 Oktyabr 2020    Oxunub : 27429
 Dünyaca məşhur şirkətin rəhbəri Azərbaycan qızılını necə talayıb? -  ARAŞDIRMA
Azərbaycanın işğal edilmiş ərazilərində bir sıra xarici şirkətlərin qanunsuz olaraq fəaliyyət göstərməsi, sərvətlərimizi talamasına dair indiyədək rəsmi Bakı tərəfindən dəfələrlə müvafiq bəyanatlar verilib. Həmin şirkətlərin məxsus olduqları ölkələrdən bu fəaliyyətə dərhal son qoyulması tələb edilib. Eyni zamanda, məsələ beynəlxalq təşkilatlar qarşısında da qaldırılıb. Bəzi ölkələr müraciətlərə müsbət cavab versələr də, bir sıra xarici şirkətlər işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərini davam etdiriblər.
Məlumat üçün bildirək ki, həmin şirkətlərin arasında həm dünyaca məşhur markalar, həm də ölkələrinin hökumətləri tərəfindən nəzarət edilən (qismən və ya tam) şirkətlər var.

Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərdən biri İsveçrənin “FranckMuller" saat markasıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də faktı təsdiqləyib. O bildirib ki, Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Zəngilanın Vecnəli kəndindən qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılıb.

"Bu proses üçün ölkənin “GeoProMining” şirkəti, həmçinin də İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sirmaks dünyada brend saatlar hesab olunan “Franck Muller” saatlarının istehsalçısıdır və Vecnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin saatların işləmələrində istifadə olunurdu... Xoş haldır ki, artıq Vecnəli yatağı işğaldan azad olunub".

Bütün dünyada məşhur olan, Demi Mur, Elton Jon, Joze Mourino, Kriştiano Ronoldo kimi məşhurların istifadə etdiyi saat markası illərlə Azərbaycan qızılını oğurlayıb.



Şirkətin həmtəsisçisi və icraçı direktoru Vartan Sirmakesdir. Bəs Vartan Sirmarkes kimdir və niyə öz biznes fəaliyyətini qanunsuzluq və oğurluq üzərində qurub?

Məlumat üçün bildirək ki, Sirmakes erməni əsillidir. O, 1956-cı ildə İstanbulda erməni zərgər ailəsində anadan olub. 18 yaşında İsveçrənin Cenevrə şəhərinə köçüb. Orada zərgərlik peşəsinə yiyələnib, diplomunu aldıqdan sonra öz zərgərlik emalatxanasını açıb.

1991-ci ildə Vardan Sirmakes İsveçrə saatı istehsalçısı Frank Müller ilə tanış olur və birlikdə “Frank Muller” şirkətini qururlar. 2003-cü ildə Frank Müller payını Smarkesə satır və erməni şirkətin başçısı olur.

Saatların dəyəri modelindən və seriyasından asılıdır. Ortalama dəyəri 13 500 avro təşkil edir. Lakin şirkətin daha bahalı, məhdud sayda dünya ulduzlarına həsr etmiş saatları da var. Məsələn, futbol ulduzu Kriştianu Ronalduya həsr olunmuş saat 110 000 avroya kolleksiyaçı tərəfindən satılıb.



Hazırda Sirmakes 14 istehsalat müəssisəsinə sahibdir, rəhbərliyi altında 800-dən çox işçi çalışır, 7 brend onun səlahiyyətindədir.

Bundan əlavə, iş adamı İsveçrədə erməni icmasının əsas maliyyə donorudur, Ermənistan iqtisadiyyatının ən böyük sərmayəçisi, həmçinin Qarabağdakı qanunsuz rejimin maliyyə dəstəkçilərindən biridir.

Ermənistanın sabiq prezidenti Serj Sakisyan 2011-ci ildə onu Fransanın Marsel şəhərində Baş konsulu təyin edib. 2018-ci ildə Sarkisyan tərəfindən “Vətən qarşısında xidmətlərinə görə” birinci dərəcəli ordenlə təltif olunub.



2001-ci ildə Ermənistanda "Franck Muller" saatlarının istehsalı ilə bağlı açılış zamanı şirkətin nümayəndəsi bildirib ki, burada yalnız saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platin istifadə olunacaq. Saatların bir sıra modellərində Ağrı dağı və Ermənistanın xəritəsi əks olunacaq.

Smarkes dünyada "Franck Muller" saatlarını yeganə nümayəndəliyini Ermənistanda açıb, həmçinin bu ölkədə qızıl zinət əşyalarının istehsalı ilə də məşğuldur. Uzun müddət erməni futbol komandası “Ararat”ın təsisçisi olub və futbol klubunun inkişafına böyük sərmayə qoyub.

Ötən ilin yayında Ermənistanda hakimiyyət dəyişdikdən sonra Sirmakes tərəfindən "Build Armenia" Fondunun yaradılması ilə bağlı məlumatlar yayıldı. Belə ki, İsveçrəyə səfər edən prezident Armen Sarkisyan burada erməni iş adamı ilə görüşüb. Sirmarkes Ermənistana və Qarabağa daha çox investisiya yatıracağını deyib. O, onlarla erməni iş adamını da cəlb edəcəyi layihəyə ilkin mərhələdə 100 milyon dollar sərmayə qoymağa hazır olduğunu bəyan edib.

Layihənin mahiyyəti Ermənistana repatriasiyanın təşkili idi və o, vətənə qayıdan ermənilərin ev və işlə təmin olunacağını vəd edib.



Bundan əlavə, iş adamı ötən il Paşinyanla görüşündə Ermənistanın paytaxtında “Qədim Yerevan” məhəlləsinin tikintisini müzakirə edib və bu məqsədlə 150 milyon dollar vəsait ayırıb.



Sirmarkes, həmçinin “ArmSwissBank”ın rəsmi təsisçisidir, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərində “ArtsakhBank"ı təsis edib.

Onu da xatırlatmaq lazımdır ki, Ermənistanın hazırki prezidenti, Böyük Britaniyadakı sabiq səfiri Armen Sarkisyanın adı vaxtilə "Transparency International"da “ArmSwissBank” vasitəsilə pulların yuyulmasında hallanırdı.

Məlumatlara görə, Sirmarkes işğal altında olan Qarabağda 999,9 əyyarlıq qızıl külçələrin satışını həyata keçirir. Bu külçələr qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılaraq mənimsənilib.

Sirmarkes, həmçinin Azərbaycanın Xankəndi şəhərində "Qarabağ" adlı otel tikdirib. Otelin tikintisinə 1,5 milyon dollar sərmayə qoyub. Daha sonra Qarabağda zərgərlik fabriki açıb.



Erməni iş adamına qarşı işğal olunmuş ərazilərdəki qanunsuz fəaliyyətinə görə, hələ 2015-ci ildə Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, o, beynəlxalq axtarışa verilib. İstintaq zamanı Sirmakesin bir qrup şəxslə bərabər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərməsi, bu ərazilərdə qanunsuz separatçı rejimin təbliğatının beynəlxalq səviyyədə aparılması və Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan Zəngilanın Vecnəli qızıl yatağının açılşında iştirak etməsi ilə bağlı kifayət qədər məlumat əldə edilib.

Artıq İsveçrə vətəndaşı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirə bilməyəcək. Çünki Vecnəli kəndi işğaldan azad edilib, hərbi əməliyyatlar davam etdiyi üçün işğaldakı digər ərazilərdə də qanunsuz iqtisadi fəaliyyət mümkün deyil.

Sirmarkes kimi digərləri də yəqin ki, başqa ölkənin ərazisində qanunsuz fəaliyyətin hansı nəticələrə gətirdiyindən dərs çıxaracaqlar. Onların öz ölkələrində bu cinayətlərə göz yumulsa da, belə qanunsuz əməlləri törədənlər Azərbaycanın qanunları qarşısında mütləq cavab verməli olacaqlar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Qızıl   Sərvət   İşğal