Ermənistana təhvil verilən 85 yaşlı qadın işgəncələrə məruz qaldı

  31 Oktyabr 2020    Oxunub : 6721
Ermənistana təhvil verilən 85 yaşlı qadın işgəncələrə məruz qaldı
Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Yevgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir. Bizdə olan məlumata görə, həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib.

Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Yevgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib. Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmayıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanaya yerləşdirilib.

Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə erməni əsgərlərinin cəsədlərinin və yaşlı iki erməninin oktyabrın 18-də Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina edib. Ermənistan tərəfi yalnız oktyabrın 28-də Yevgeniya Babayanı, oktyabrın 29-da isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib.
“Senatın qətnaməsi kağız parçasından başqa bir şey deyil” - Hikmət Hacıyev

Azərbaycan tərəfi 84 yaşlı Mişa Melkumyanı oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir. Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanaya yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olmuşdur. Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat edib. Ermənistan tərəfi qəbul etməkdən imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcək.

Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlı qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir”.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev