“Bərdənin qisası artıqlaması ilə alındı”

 “Bərdənin qisası artıqlaması ilə alındı”
  29 Oktyabr 2020    Oxunub:2438
“Gəncəyə və Bərdəyə edilən hücumlar hərbi cinayət olmaqla bərabər, həm də dövlət səviyyəsində törədilən terror aktlarıdır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, son hadisələr Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu əməldir:

“İşğalçı erməni ordusunun Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması hərbi cinayətdir. Bu, eyni zamanda hər nə qədər ermənilər tərəfindən törədilən hərbi cinayətdirsə, bir o qədər də cinayətlərə susanların, Ermənistanı qınamayan beynəlxalq təşkilatların ortaq olduğu bir əməldir. Çünki beynəlxalq təşkilatların, insan hüquq müdafiəçisi olan təşkilatların Gəncədə, Naftalanda, Tərtərdə törədilən hərbi cinayətlərə göz yummaları, susqunluq nümayiş etdirmələri erməni terrorçularını belə cinayətləri təkrar etməyə həvəsləndirir. Düşünürlər ki, bu cinayət qınanmayacaq və cəzasız qalacaq. Ona görə də, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ermənilərin dinc əhalini hədəfə almasına səssiz qalmamalıdır”.

Deputatın sözlərinə görə, insan Hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı təşkilatlar təəssüf ki, ermənilərin törətdiyi cinayətlərə susqunluq nümayiş etdirirlər:

“Belə susqunluq əslində Ermənistanı dəstəkləmək anlamına gəlir. Düşünürəm ki, heç olmasa bundan sonra müvafiq insan hüquqları institutları, beynəlxalq və humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər məsələyə ciddi qınaq nümayiş etdirməklə işğalçı ölkəni bu cür addımlardan çəkindirməlidirlər. Cəzaya gəldikdə isə, Azərbaycan Ordusu, Azərbaycan əsgəri dinc sakinlərimizə qarşı cinayət törədən terrorçu erməniləri döyüş meydanında layiqincə cəzalandırmağı bacarır. Bərdə şəhərində törədilən cinayətin qisası artıqlaması ilə alındı. Lakin bu hadisələr bir həqiqəti yenidən ortaya çıxardı ki, özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatlar kimi göstərənlər əslində insan hüquqlarının müdafiəçisi deyil, sadəcə bu mövzunu əllərində siyasi alətə çevirərək, ayrı-ayrı ölkələrə təzyiq mexanizmi kimi istifadə edən qurumlardır. Buna görə də, Azərbaycan öz ordusuna güvənir. Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlər ordumuz tərəfindən mütləq layiqli cavablarını alacaqlar”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Bərdə   Terror   Ermənistan  





Xəbər lenti