“Ermənistan ordusunun itkiləri 7-8 min nəfərdir” - Hərbi ekspert

 “Ermənistan ordusunun itkiləri 7-8 min nəfərdir” -  Hərbi ekspert
  29 Oktyabr 2020    Oxunub:7822
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb.
Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilir. Bu hərbi əməliyyatlarda Ermənistan ordusunun yüzlərlə hərbçisi məhv edilib. Belə ki, məhv edilmiş hərbi texnikaların statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir. Döyüşlərin getdiyi mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, Azərbaycan Ordusunun itkiləri minimaldır.

Ötən gün Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu məsələyə toxunub. Dövlət başçısı Ermənistanın itkiləri barədə deyib:

"Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni, bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə gəlincə, mən yenə dedim ki, biz onları sonra açıqlayacağıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır".



Hərbi ekspert Rəşad Süleymanov Azvision.az -a açıqlamasında bildirib ki, düşmən döyüşlərdə xeyli canlı qüvvə itirib. Onun sözlərinə görə, ermənilər ortalıqda qalan minlərlə meyitlərinə yiyə durmaq istəmir:

"Bunun özü də itkilərin çox olmasının göstəricisidir. Ermənistan ordusunun canlı qüvvə itkisi bizim hesablarımıza əsasən, 7-8 min civarındadır. Burada həm yaralıları, həm də döyüşdən qaçanları nəzərə alsaq, hamısı itkilərə hesablanır. Bu rəqəm bəlkə də daha çoxdur. Döyüş başlayan gündən düşmənə vurulan zərbələrin əksəriyyətinin videogörüntüləri var. Bu görüntülərdə düşmənin texnika və canlı qüvvəsinin hansı formada məhv edildiyi bilinir. Ordumuz daha çox yüksək dəqiqlikli silahlardan istifadə edir ki, burada da yalnız seçilmiş hədəflər məhv olunur. Bununla həm öz itkilərimizi minimuma endiririk, həm də düşmənin seçilmiş hədəflərini məhv edirik. Bunun özü belə düşməndə psixoloji gərginlik yaradıb. Azərbaycan Ordusu yorma və əzmə taktikasını uğurla həyata keçirir. Bunun nəticəsində bir ay ərzində həm Füzulidən Qubadlıya qədər olan ərazi, həm də cəbhənin şimalında Ağdərə, Kəlbəcər istiqamətində irəliləyişlərə nail olunub".



Hərbi ekspert qeyd edib ki, ərazilər işğaldan azad olunduqca, düşmənin həm texnika, həm də canlı qüvvə itkisi artır.

"Düşmənin xeyli sayda hərbi texnikası qənimət götürülüb. Hər keçən saat, hər gün düşmən üçün dəyəri milyon dollarla ölçülən hərbi texnika və silah itkisidir. Həmçinin, hər keçən gün düşmənin yüzlərlə canlı qüvvəsinin məhv olması deməkdir. Ermənistan ordusuna bu günə qədər tək zirehli tank texnikası baxımından 700 milyon dollar civarında ziyan vurulub. Bura həm döyüş tankları, həm də piyada döyüş maşınları aiddir. Digər vurulan döyüş texnikalarını da götürsək, ümumilikdə düşmənə 3 milyard dollara yaxın ziyan vurulub. Bu Ermənistan üçün böyük itkidir. Azərbaycan döyüş cəbhəsində müharibəni uğurla aparır. Bunun qısa müddətdə tamamlanacağına əminik".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Düşmən   Hərbçi   Məhv  





Xəbər lenti