“Ordumuz dünya hərb tarixinə adını yazır”

 “Ordumuz dünya hərb tarixinə adını yazır”
  29 Oktyabr 2020    Oxunub:2605
“Son bir ayda döyüş meydanında yüksək səviyyədə maddi-texniki bazası olan Azərbaycan əsgərlərini gördük”.
Bunu Azvision.az açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatlar keçirməsini, torpaqları işğaldan azad etməsini Ordumuzun peşəkarlığı, müasir hərbi strategiyaları tətbiq etməsi ilə əlaqələndirdi. Onun sözlərinə görə, əldə edilən uğurların əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasət dayanır:

“Qısa bir xatırlatma edim ki, Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılıb. Ancaq bu nazirliyin nə maddi-texniki bazası var idi, nə gücü, nə də lazımi səviyyədə kadr bazası. Ordu quruculuğu ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra başlandı və güclü ordunun bünövrəsi qoyuldu. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra isə nazirliyin də, ordunun da inkişafında xeyli dərəcədə irəliləyişlər oldu. Cənab Prezidentin ən çox önəm verdiyi sahələrdən biri məhz ordu, hərb sahəsi idi. Azərbaycan Ordusu bu illər ərzində demək olar ki, aybaay inkişaf etdi və indiki duruma gəlib çıxdı. Bu gün hər bir azərbaycanlı fəxrlə, qürurla ordumuz haqqında beynəlxalq səviyyədə səslənən fikirləri dinləyir və hesabatlardan oxuyur. Bu illər ərzində beynəlxalq hesabatlar, hərbi sahəylə bağlı olan xüsusi araşdırma təşkilatları hazırlıq səviyyəsinə, döyüş qabiliyyətinə, bütün göstəricisinə görə, Azərbaycan ordusunu dünyanın güclü orduları sırasında göstərirdilər. Hazırda güclü 50 ordu var ki, bizim ordu da bu sıraya düşə bilib. Halbuki, 90-cı illərdə tüfənglə, avtomatla tankın qarşısına çıxırdıq...”.



Elman Məmmədovun sözlərinə görə, ordumuz 27 sentyabrda düşmənin təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları ilə beynəlxalq təşkilatların verdiyi qiyməti doğrultdu: “Hərbçilərimiz Azərbaycan xalqının da ümidini, etimadını doğrultdu. Bəzən düşmən həyəcan təbili çalırdı ki, Azərbaycan hərb sahəsinə xeyli vəsait ayırır. Təəssüf olsun ki, içimizdə olanlardan da bu məsələdən əndişəyə düşənlər var idi. Ancaq biz müharibə vəziyyətində olan ölkə idik, torpaqlarımız isə işğal altında qalırdı. Ordu quruculuğu, ayrılan vəsaitlərin artırılması qaçılmaz idi. Hərb sahəmiz güclənməli idi və bu səbəbdən də Ali Baş Komandanımız bu illər ərzində ordu üçün hər şeyi etdi. Bu gün biz ayrılan vəsaitlərdən, dron və digər ən müasir texnoloji yeniliklərdən yararlanmağımızdan söz açırıq. Amma hazırda önə çıxan kadr potensialımızın yüksək səviyyədə olması da əsas amildir. Bu illər ərzində yüksək hərbi biliyə malik olan zabit heyəti, hərbçilər yetişdirə bildik. Artıq müasir hərbi texnikaları peşəkarçasına idarə etməyi bacaran əsgərlərimiz var. Döyüşlər göstərdi ki, dronlar və s. texnoloji üstünlüklərimiz hərbi əməliyyatların uğurlu olması üçün əla şərait yaradırsa, məhz azad olunan ərazilərə bayraq sancan hərbçilərimiz düşmənin dizini və kürəyini yerə vurur. Cənab Prezidentimiz də müsahibələrində dəfələrlə qeyd edir ki, bizim müasir silahlarımız var, amma torpaqlarımızı işğaldan nə PUA-lar, nə də digər texniklar deyil, məhz əsgər və zabit heyətimiz azad edir. Biz bununla fəxr edirik!”.

Deputat onu da vurğulayıb ki, Ordumuz hazırda özünün yüksək döyüş qabiliyyəti, cəsarəti və qəhrəmanlıqları, taktiki gedişləri ilə dünya hərb tarixinə adını yazır. Bu gün təsadüfi deyil ki, ABŞ və NATO-nun, Rusiyanın hərbi ekspertləri Azərbaycan ordusunun qısa müddət ərzində keçirdiyi hərbi əməliyyatlar haqqında müsbət fikirlər söyləyirlər:

“Hərbi ekspertlər, hətta dünya ölkələrinə tövsiyə edirlər ki, Ordumuzun tətbiq etdiyi metod və döyüş taktikası öyrənsinlər. Döyüş meydanında hansısa zəif hərbçi deyil, yüksək səviyyədə maddi-texniki və silah təminatı ilə irəliləyən Azərbaycan əsgərlərini görürük. Düşmən darmadağın olduğunu məcbur qalıb etiraf edir. Görüntülərdə silahını belə atıb qaçan erməni əsgərlərini, səngərləri görürük. Halbuki silahın atılması ordu üçün, əsgər üçün ləkədir. Qısası, artıq torpaqlarımız işğaldan azad olunur, Ordumuz son ana qədər bu zəfər yürüşünü davam etdirəcək. Bu gün Azərbaycanda iqtidar-xalq-ordu birliyi Ali Baş Komandanın göstərdiyi yumruq kimi öz gücünü göstərir. Bizə qarşı olan istənilən qüvvəyə yönələcək yumruq düşmənin başı kimi onları da əzəcək! Eşq olsun ordumuza!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Ordu   Deputat  





Xəbər lenti