“Əminəm ki, indi atamın ruhu şaddır” - Milli Qəhrəmanın qızı

  30 Oktyabr 2020    Oxunub : 8743
 “Əminəm ki, indi atamın ruhu şaddır” -  Milli Qəhrəmanın qızı
"Həm atamı, həm də Qarabağ torpaqlarını itirmişdik. Bu gün isə torpaqlarımız işğaldan azad olunduqca fərəh hissi keçirirəm".

Bunu Azvision.az -a "İgid əsgər, möhkəm dayan" mahnısının həsr olunduğu Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva deyib.
Müzəffər Ordumuzun qələbələrindən və Ermənistanın dinc sakinlərə qarşı terror hücumundan danışan şəhid qızı bildirib ki, atasının uğrunda canından keçdiyi torpaqların azad olunduğu tarixə şahidlik etmək qürurvericidir.

“Həm sevinirik, həm də üzülürük. Sevinirik ki, qanımız yerdə qalmır, ermənilərdən başı bəlalar çəkmiş insanlarımızın ah-naləsinin qisası alınır. Allah Ordumuza güc versin. Qürurlu anlar yaşayırıq. Hər gün cəbhədən gələn xəbərləri izləyirəm. Kədərləndiyim məqam odur ki, günahsız insanlara, uşaqlara Ermənistan raket atır. Azyaşlıları qan içində görəndə ürəyim parçalanır.

Amma ümidliyik, Ordumuza inanırıq. Əminəm ki, atamın ruhu da şad olur. Onun yarımçıq qalmış çox arzuları var. Atam şəhid olanda 6 yaşım var idi, yaddaşım çox xatirəni qoruyub saxlamağa imkan verməyib. İnşallah atamla cənətdə görüşərik. Mənim kədərim iki qat idi. Həm atamı, həm də Qarabağ torpaqlarını itirmişdik. Bu gün isə fərəh hissi keçirirəm. Addım-addım da olsa torpaqlarımızı geri alırıq. Hər gün ürəyimdə atamla danışıram. Sosial şəbəkələrdə şəklini paylaşırlar, fəxr edirəm ki, onu unutmayıblar.

Biz o torpaqlarda firvanlıq, şadlıq edəndə atamın ruhu şad olacaq. Çünki onlar bizə görə döyüşdü və şəhid oldular ki, övladları, nəvələri daha təhlükəsiz yaşasınlar. Biz Qarabağı ermənilərə bağışlaya bilməzdik.

Biz də sülh istəyərdik. Uşaqlar atasız, ocaqsız qalmasın. O yaranın nə olduğunu mən bilirəm. Hər zaman o itkini hiss etmişəm. Amma ermənilərin etdikləri düşməndən də o tərəfə bir şeydir. Canidirlər, qatildirlər. Bizə seçim buraxmadılar. Mən həkiməm. Əsgərlərimizə tibbi yardım göstərmək üçün müraciət etmişəm. Hansısa bir əsgərin yarasını sarısam, elə bilərəm ki, atamın yarasına məlhəm vururam. Onlar bizim qardaşımız, atamız, oğullarımızdır.

Bu günlərdə “İgid əsgər” marşı evimizdə tez-tez səslənir. Oğlumun adını Yusif qoymuşam. Deyir, bu, bizim babamızın mahnısıdır. Şəmistan Əlizamanlı ilə atam yaxın dost olublar. Sözləri və musiqisi Şahin Musaoğluna aid olan mahnını atama həsr edib”, - deyə Milli Qəhrəmanın qızı vurğulayıb.















Şahanə Rəhimli
Azvision.az

Teqlər: YusifMirzəyev   MilliQəhrəman