“Ermənistana qarşı sanksiyaların qəbul edilməsini gözləyirik” - Komitə rəsmisi

“Ermənistana qarşı sanksiyaların qəbul edilməsini gözləyirik” -  Komitə rəsmisi
  29 Oktyabr 2020    Oxunub:2227
27 və 28 oktyabr tarixlərində, hətta bundan əvvəl də Bərdəyə dəfələrlə ballistik raketlər, ayrı-ayrı kaset bombalarla hücumlar həyata keçirilib. Hücumlar məqsədli, davamlı şəkildə mülki əhaliyə yönəldilib və bu, insanlığa qarşı hərbi cinayətdir.
Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabrdan bu günədək Gəncə, Bərdə, Tərtər, Mingəçevir, digər rayon və şəhərlərə edilən hücumlar məqsədli şəkildə mülki əhalinin öldürülməsinə hesablanıb.

“Bu, Ermənistan silahlı qüvvələrinin rəhbərləri, eyni zamanda, Ermənistan hökumətinin rəhbəri tərəfindən həyata keçirilən hücumlardır. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi elan ediləndə, 1992-ci ildə isə BMT-nin üzvü seçiləndə Dağlıq Qarabağ ərazisinin Azərbaycan Respublikasına hüquqi baxımdan aid olduğu qeyd edilib. Bu gün Dağlıq Qarabağda yerləşən silahlı qüvvələr kriminal qruplaşmalardır. Həmin kriminal qruplaşmalar milliyətindən, dinindən asılı olmayaraq, Azərbaycanın mülki əhalisinə qarşı cinayətlər həyata keçirir. Hücumlarla bağlı müvafiq hüquqi rəy bildirilməlidir”.

Komitə rəsmisi qeyd edib ki, hücumlar baş verən ərazilərdə ailələr, xüsusilə uşaqlar diqqət mərkəzindədir: “Dövlət qurumları, hökumət tərəfindən risk altına düşmüş ailələrin təhlükəsizliyinin təmin edilməsi, onlara psixoloji, hüquqi, sosial dəstəyin göstərilməsi üçün bütün tədbirlər həyata keçirilir. Bu məsələlərlə bağlı Dövlət Komitəsi tərəfindən BMT-nin Uşaq Hüquqları Komitəsinə, BMT-nin Uşaq Hüquqları Fonduna, digər beynəlxalq təşkilatlara müraciət edilib və bəyanatlar gönərilib.

Ermənistan silahlı qüvvələri qanunsuz olaraq uşaqları “könüllü” adı altında müharibəyə cəlb edir. Bu, beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə, eyni zamanda Uşaq Hüquqları haqqında Konvensiya və ona dair fakültətiv protokola qarşıdır”.

O, əlavə edib ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlardan bununla bağlı müvafiq sanksiyaların qəbul edilməsini gözləyir və bunun üçün hüquqi rəyin verilməsini məqsədəuyğun hesab edirik.

Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dək mülki şəxs yaralanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bərdə   Hərbi-cinayət  





Xəbər lenti