Nofəl Qasımov: “Qardaşımın qisas alındı” - FOTO

 Nofəl Qasımov:  “Qardaşımın qisas alındı” -  FOTO
  29 Oktyabr 2020    Oxunub:6096
“28 ildir qardaşımdan xəbər yoxdur. Onun kimi itkin düşən, şəhid olan oğulların qanı alındıqca, qələbə xəbərləri verildikcə yarama su səpilir”.
Bunu Azvision.az -a birinci Qarabağ müharibəsinin itkin döyüşçüsü Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib. O, bildirib ki, Ordumuzun qələbə xəbərləri 28 illik qardaş həsrətinə məlhəm olur.

“Ali Baş Komandanın qələbə müjdələrini gözləyirik. Müdafiə Nazirliyinin xəbərlərini izləyirik. Əminəm ki, qısa vaxtda torpaqlarımızı azad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalamaycaq. Ailədə, işdə ancaq Qarabağdan danışırıq. Anbaan qələbə gözləyirik. Başqa yolumuz yoxdur. Hər kəndin alnması bizə ümid verir. Əlimizi göyə qaldırıb əsgərlərimizə dua edirik ki, Allah onları qorusun, irəli gedə bilsinlər. Hər qarış torpağın azad olunması bizim baş ucalığımızdır. Qardaşımın və digərlərinin qanı yerdə qalmadı. Bu günləri görəndə 90-cı illəri xatırlayıram. O yaşantılar, o faciələr heç kimin yadından çıxmayıb. Həmin tarixi unuda bilmərik.

28 ildir ki, Natiqin nə ölüsündən, nə də dirisindən xəbər var. Birinci Qarabağ savaşında itkin düşənlərin ailələrini çox gözəl başa düşürəm. Çox ağır hissdirr. Bu faciə bizim ailədən də yan keçməyib. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən üçün şəhid olanların hamısı mənim qardaşlarımdır. Ordumuzun göstərdiyi şücaət yaramın üstünə su səpir. İçimdəki qardaş yanğısını ancaq qələbələr söndürə bilər. Natiq mənim qəlbimdədir. Ailəmizin ən kiçiyi çox böyük şücaət göstərdi, 22 Xocalı sakininin xilas edilməsi üçün özünün əsir alınmasına razı oldu. Onların qisası alındıqca şərəf duyuram".


(Nofəl Qasımov)

Qeyd edək ki, Natiq Qasımov Ağdamda Yaqub Rzayevin rəhbərliyi ilə "Qarabağ şahinləri" dəstəsində düşmənə qarşı döyüşüb. O, 1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında alban kilsəsi yerləşən yüksəklik uğrunda özündən başqa 6 əsgər yoldaşı ilə birgə ölüm-dirim savaşı aparıb. Xidmət yoldaşları həlak olduqdan sonra təkbaşına vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. 1992-ci ildə ermənilərin “əgər təslim olmazsan, 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Əgər təslim olsan, onlar azad olunacaq" xəbərdarlığından sonra 22 yaşlı Natiq həmvətənləri öldürülməsin deyə, əlində Azərbaycan bayrağı kilsəni tərk edərək əsir düşməyə razı olub. Beləliklə, o, özünün əsir düşməsi müqabilində düz 28 il bundan öncə - 1992-ci il martın 14-də 22 xocalılını xilas edib. O gündən Natiqin sonrakı taleyi məlum deyil.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: NatiqQasımov  





Xəbər lenti