Fransada Makronsayağı “demokratiya”

 Fransada Makronsayağı “demokratiya”
  29 Oktyabr 2020    Oxunub:2522
Bir neçə gün əvvəl Fransa telekanalı “TF1”-in müxbiri Liseron Boudoulun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reportajı erməni diasporunun təzyiqinə tuş gəlib. Azərbaycan həqiqətlərini dünyaya çatdıran fransız jurnalist və telekanal rəhbərliyi ermənilər tərəfindən ölümlə hədələnib, təhqirlərə məruz qalıb.
Nədənsə, "demokratiyanın beşiyi" hesab olunan Fransa hökuməti azad mediaya təzyiqləri görməzdən gəlir, ermənilərin jurnalistlərə hücumunun qarşısını almağa çalışmır. “TF1”-dən fərqli olaraq müsəlmanları təhqir edən, İslam dəyərlərini aşağılayan “Şarl Ebdo” nəşrinin anormal karikaturaları bütün ölkə boyu müdafiə edilir.

Məsələni Azvision.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, son hadisələr ikili standartlardan xəbər verir:

“Fransızlar 20-ci əsrin əvvəllərindən başlayaraq demokratiya, insan və ədalətlə bağlı dəyərlərə sırf siyasi, strateji maraqları prizmasından yanaşırlar. Özü də Fransa tarixə müsbət örnəklərlə yanaşı, davakar millətçiliyin nümunəsini gətirən bir xalqdır. İkinci dünya müharibəsindən sonra Avropa dünyəvi dəyərləri yaratmaq və təbliğ etmək, dünyaya yaymaq istiqamətində müsbət addımlar atır. Amma bu addımlarda Fransanın rolunu az görürük. Faşizmin və nasizmin beşiyi olmuş alman xalqı özündə faşizmi lənətləməyə, onu qadağan etməyə cürət tapdı, bu gün də həmin ənənəni qoruyub saxlayır. Dəyər yaratmaq baxımından Fransa xalqını geridə qoyur. Fransızlar hec cür millətçilikdən, özü də başqa adlarla süslənmiş millətçilikdən azad ola bilmirlər. İndi fransızlardan, xüsusən də onun anormal rəhbərindən demokratik dəyərlərlə bağlı obyektiv mövqe gözləyəcəkdik? Nəinki mən, bir çox siyasi şərhçilər onu güclü lider deyil, anormal siyasət adamı hesab edir. Həqiqətən də onun İslam peyğəmbəri haqqında anlayışı yoxdur. Məhəmməd peyğəmbər yeni sivilizasiyanın bünövrəsini qoydu, İslam sivilizasiyasının nəzəriyyəsi və praktikasını yaratdı. Barbar ərəbləri sivilizasiyaya dartıb gətirə bildi. Belə bir insan haqqında təhqirlərə yol verənləri var gücü ilə müdafiə etmək anormallıqdır. Bu gün İslam dininin xeyli tərəfdarları var. Xristianlıqdan vaz keçib müsəlman olanlar da çoxalıb”.



Politoloqun fikrincə, Fransa dövləti tək peyğəmbər amilinə görə yox, ümumən İslam mövzusunda ciddi siyasi səhvlərə yol verir: “Geniş yanaşdıqda bu mövzuda yanlışlığa yol verən media qurumunun tərəfində durmaq siyasi səhvdir. Azərbaycana gəlib reallıqları çəkərək dünyaya təqdim edən, obyektivlik göstərən jurnalistin, onun hədələnən rəhbərlərinin həyatı anormal, qərəzli karikaturaçılardan bu qədərmi mənasız oldu? Anti-islam, anti-türk mövqe sərgiləmək nə işə yarayır axı? Bu, sözün həqiqi mənasında siyasi barbarlıq əlamətidir. Makronun sivilizasiya ilə heç bir əlaqəsi yoxdur. 21-ci əsrin prezidenti “problemli” İslamdan danışır, Türkiyə kimi normal ölkəni hər fürsətdə tənqid edərək onu islamçılıqda ittiham edir. Yəni mahiyyətinə varmadığı məsələlərə başını soxaraq ancaq ara qarışdırır, millətlər, dinlər arasında nifaq salır. Deyirdilər ki, dünya pandemiyadan sonra yeni dövrə, xalqlar arasında mehribanlıq və sülhün bərqərar olduğu daha açıq cəmiyyətə doğru gedəcək. Amma Makronun, Avropanın aparıcı dövləti olan Fransanın sərgilədiyi qərəzli yanaşma onu göstərir ki, heç də dünyanın müsbətə doğru dəyişməsində maraqlı deyillər”.

Qabil Hüseynli onu da qeyd edib ki, Fransada demokratik dəyərlər zatən ilbəil müəyyən çərçivəyə salınırdı. “Sarı jiletlilər”in aksiyalarını xatırlasaq görərik ki, azad şəkildə toplaşan iştirakçılar ən sərt formada cəzalandırılırdı:

“Makron öz xalqının problemlərini həll etmək əvəzinə, erməni, islam “problemləri” ilə məşğul olur. Bu gün Fransa sözün həqiqi mənasında ikili standartlarla hərəkət etmənin nümunələri ilə dolub. Dünyanın yarısından çoxunun hörmət edib inandığı bir dinin liderinin karikaturasını çəkən yaramazlar guya başa düşmürdülərmi ki, milyard yarım insanın hissləri ilə oynayacaqlar? Bəs onların müdafiəsinə qalxanlar necə? “Demokratik dəyərlər” adı altında hansı fitnələrə dəstək olduqlarını anlamırlarmı? Niyə Fransanı digər jurnalistinə hədə gələndə susdunuz? Bu cür ikili yanaşmalar dünyada çox pis presedent yaradır. Özü də bunu dünyada mədəniyyəti, tarixi, “demokratiyası” ilə öyünən bir xalq edir… Nəinki türkləri, müsəlmanları, alman və ingilisləri belə bəyənməyən bu millətin başında elə özləri kimi xudbin bir adam olmalı idi. İslamda, türklərdə problemlər axtarmaq lazım deyil. Elə öz daxilinizdəki ikili yanaşmalara, problemlərə baxın!

Bu cür anormal yanaşmalar, ikili standartlar sivilizasiyalararası dialoqun inkişafına heç nə verməyəcək. Əksinə, “fransızsayağı demokratik dəyərlər” onun yolunda baryerlər yaradır. Bu gün hər iki təzyiq göstərilən media nümayəndələrinə bərabər reaksiya sərgiləməyən bir hökumətin başında duran Makron belə dərinlikləri, həssas məqamları anlamalı idi. “Şarl Ebdo” aşiqi fransızlara tolerantlıq, multikultural yanaşma ən-ənələrini təlqin etməli idi. Qısası, ən uğursuz prezidentlərdən olan Makron haqqında xoş düşüncələr yoxdur. Fransa hökumətinin sərgilədiyi son anormal mövqe qəti şəkildə qınanmalıdır. Bu gün Makron və onun hökuməti normal fransızlar və dünya xalqları arasında dostluğun, mehribançılığın ikişafı üçün təhlükəlidir. Onun yürütdüyü “demokratiya” siyasəti şərəfsiz karikaturaçıların çörəyinə yağ sürtdü, obyektivlik göstərib həyatını riskə ataraq döyüş bölgəsindən reportaj hazırlayanları isə arxa plana atdı… Demokratik dəyərlər xəstə təfəkkürlü karikaturaçıları ilhamlandırmaq yox, obyektiv jurnalistikanı inkişaf etdirmək idi. Bu Fransanın imicinə böyük zərbə sayılmalıdır”

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Makron   Qabil-Hüseynli  





Xəbər lenti