“Tikinti materialı” ilə terror hücumu və hay həmhavadarları - Sahib Alıyevin şərhi

“Tikinti materialı” ilə terror hücumu və hay həmhavadarları -  Sahib Alıyevin şərhi
  27 Oktyabr 2020    Oxunub:3248
Hər dəfə humanitar atəşkəslə bağlı üzərinə öhdəlik götürəndən dərhal sonra işğalçı, nasist Ermənistan Azərbaycanın şəhər və kəndlərini, dinc adamları vəhşicəsinə top, artilleriya atəşinə tutur, hətta yaşayış massivlərinə ballistik raket atır.
Nə yazıqlar ki, bu gün düşmənin Bərdəyə atdığı raketdən 3 nəfər həlak oldu, 10-u isə yaralandı. Məhz bu qəbildən daha iki hərbi cinayət nəticəsində sadəcə Gəncədə onlarla insanımız həlak olub və yaralanıb ki, aralarında uşaqlar da var.

Bu baxımdam Tərtərdə də vəziyyət Gəncədəkindən fərqlənmir və dağıntıların miqyasını nəzərə alsaq, hətta daha dəhşətlidir. Üçüncü atəşkəs öhdəliyini üzərinə götürəndən sonra da düşmən dünən eyni vəhşiliyə əl atdı. Heç atəşkəsdən 4 dəqiqə keçməmiş Tərtərə və digər yaşayış məntəqələrimizə reaktiv yaylım atəşi sistemindən-smerçlərdən zərbə endirdilər. Sentyabrın 27-dən indiyə kimi Tərtər rayonuna 15,3 min mərmi atılıb ki, bu da 17 mülki şəxsin həlak olması və 54-ünün yaralanmasıyla nəticələnib. 132 fərdi ev tam dağılıb, 845-inə böyük zərər dəyib, mərmi düşən 64 çoxmənzilli binların xeylisi yaşamağa yarasız haldadır. Dağıdılan sosial, istehsal, ticarət obyektlərinin, inzibati və yardımıçı binaların isə sayı-hesabı yoxdur.

Ermənistana pulsuz silah-sursat ötürən, mütəxəssis və kəşfiyyat dəstəyi verən, vətəndaşlarının muzdlu olaraq işğalçı ordunun sıralarında döyüşmələrinə göz yumanlar rəsmi İrəvanı durdurmalı, oradakı nasist rejiminin törətdiyi hərbi cinayətlərə şərik olmamalıdırlar. Amma təəssüf ki, elə ilk növbədə də Minsk qrupuna həmsədrlik edənlərin timsalında biz bunun tam əksini görürük. Görürük ki, Qlobal Silah Ticarəti müqaviləsinə görə, ixracatçı ölkə satdığı silahı alanın ondan hərbi cinayətlərdə istifadə etdiyini biləndə bunu dayandırmalı olduğu halda bəziləri daynadırmır. Bu dəfə həmən silhalar humanitar yük adı altında göndərilir ki, beləliklə də nəinki Ermənistan, onu göndərənlər də həm1949-cu il 4-cü Cenevrə, həm də Beynəlxalq Mülki Aviasiya haqqında 1944-cü il Çikaqo Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozurlar.

Həmən dövlətlərdən kim də bilməsə, Rusiya yaxşı xəbərdardır ki, işğalçı Ermənistana “tikinti materialı”, “humanitar yük” adı altında göndərdiyi silah-sursat, çağdaş hərbi texnikadan dinc adamların, yaşayış massivlərinin vurulması üçün istifadə edilir. Məhz həmən “tikinti materialı”nın – “Skad” tipli raketin Gəncəyə atılması nəticəsində burada qohumları gildə qalan 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov həlak oldu. Ermənistanın Rusiyadan alıb atdığı “tikinti materialı”ndan Gəncədə zərər görən binalardan biri də oradakı Aleksandr Nevski Rus Pravoslav Kilsəsidir.

Burda rəmzilik yoxdurmu? Bu onun xəbərdarlığı deyilmi ki, hərbi cinayətkarlara, terroçulara ötürülən silah-sursat bir gün ötürənin də öz əleyhinə işləyəcək. Və elə işləyir də. Azərbaycan ictimai rəyi Minsk qrupu həmsədrlərindən heç birini neytral ölkə kimi qəbul etmir, onlardan heç birinə inamır. Rusiya və Fransaya isə heç inanmır. Çünki onlar həmsədr yox, hay həmhavadarları kimi çıxış edirlər.

Son bir ayda Qarabağda sadəcə 305 tank itirən dilənçi Ermənistan bu qədər hərbi texnikanı haradan alır? Daha çox Rusiyadan və İtaliyanın Rai-1 telekanalına verdiyi intervüdə cənab Prezidentin də açıqladığı kimi bu dövlətin Gümrüdəki hərbi bazasından.

“Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" 1992-ci il noyabrın 9-da qüvvəyə minən anlaşmaya görə Ermənistan ancaq 220 tank saxlaya bilər. İşğalçı dövlətin gətirib Qarabağa yerləşdirdiyi tankların sayı isə göründüyü kimi az qala iki dəfə bundan çoxdur. Bu texnikanı, silah-sursatı Ermənistana ötürməklə onun işğalçılıq siyasətinə şərikliklərini ortaya qoyanların vasitəçi kimi çıxış etmələrinə haqqları varmı? Əlbəttə yoxdur!
Ona görə də yaxşı olardı ki, barı Türk Şurasına üzv dövlətlər qardaş Türkiyədən örnək götürsünlər, ATƏT-də səslərini çıxarsınlar, neytrallıqarını qoruyub saxlamadıqları üçün Minsk qrupu həmsədrlərini danışıqlarda vasitəçilikdən imtina etməyə səsləsinlər. Həmən hay həmhavadarlarından ikisinin oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında qurumun Azərbaycanın işğal altında olan topaqlarındakı vəziyyətlə bağlı 4 qətnaməsinin üzərindən xətt çəkməyə yönələn planlarına qarşı İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vunsent və Qrenada dövlətləri necə mövqe ortaya qoydularsa, onlar da o cür mövqe ortaya qoysunlar.

Bizim maraqlardan çıxış etmələri lazım deyil, heç olmasa öz dövlətlərinin, öz xlaqlarının maraqlarından çıxış etsinlər, beynəlxalq hüqqun, beynəlxalq norma və konvensiyaların yanında yer alsınar. “Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" anlaşmaya əməl etməyən, 1944-cü il Çikaqo Konvensiyasının 4-cü maddəsini, 1949-cu il 4-cü Cenevrə Konvensiyasını pozan, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884; BMT Baş Assambleysının 48/11, 60/285, 62/243; AŞPA-nın 1059, 1119, 1416, 1553, 2085 və Avropa Parlamentinin 2216, 2315; İslam Əməkdaşlıq Təşkilatının 21/9, 25/9, 10/11, 10/37, 9/39, 10/42, 10/43, 4/43, 12/46 saylı qətnamələrini yerinə yetriməyən işğalçı Ermənistana və onun şəriklərinə yerlərini göstərsinlər. Əks halda indi Azərbaycanın üzləşdiyi ədalətsizliklə bir gün onlar özləri də üzləşəcəklər.

Ancaq kimin necə davranmasından asılı olmayaraq, Azərbaycan istənilən halda öz torpaqlarını işğalçılrdan təmizləyəcək. Davranışları da göstərir ki, hətta düşmənin özü və havadarları qarışıq bu gün artıq buna heç kimin şübhəsi yoxdur.

Sahib Alıyev,
Millət vəkili

Azvision.az


Teqlər: Sahib-Alıyev  





Xəbər lenti