“Qubadlıdan ayaqyalın çıxmışdım, elə də qayıdacağam” - FOTOLAR

 “Qubadlıdan ayaqyalın çıxmışdım, elə də qayıdacağam” -  FOTOLAR
  28 Oktyabr 2020    Oxunub:12699
“Qubadlı şəhərinin və kəndlərinin işğaldan azad olunması xəbərini Ali Baş Komandan açıqlayanda yerə diz çöküb ağladım. 27 il öncə Qubadlıdan, evimizdən çıxarkən torpağa diz çöküb ağlayırdıq ki, doğma yurdumuzdan ayrılırıq. Bu gün isə o torpaqlara yenidən qayıdacağımız günün sevinc göz yaşları tökürük”.
Bunu Azvision.az-a açıqlamasında Qubadlı rayonunun Xanlıq kənd sakini Gülbəniz Eminova deyib. Doğma kəndinin işğaldan azad olunmasına sevinən G.Eminova II qrup Qarabağ müharibəsi əlili və ehtiyatda olan hərbiçidir.

“Qubadlıdan çıxanda 24 yaşım var idi. Hərbi xidmətdə idim, 2 il hospitalda tibb bacısı işlədim. Həyat yoldaşım Şirinov Vəli minaaxtaranların komandiri idi. 1993-cü ilin avqustun 31-də Qubadlı işğal ediləndə şəhid oldu. Qubadlının azad olunması mənim üçün ikiqat bayramdır, həyat yoldaşımın qanı yerdə qalmadı. Allah əsgərlərimizi qorusun, onlar düşmənlə üz-üzə durub torpaqlarımızı azad edir. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün mən də qeydiyyatdan keçmişəm və hər an döyüş bölgəsinə getməyə hazıram. Oğlumun 27 yaşı var və o da döyüşə getmək üçün çalışır”.



Sumqayıt şəhərində məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşayan G.Eminova əlavə edib: “Xanlığın videosunu görəndə bir anlıq həmin illər gözümün önündən keçdi. Rayonumuz işğal olunanda oradan ayaqyalın çıxmışdıq, çünki torpaqların işğal ediləcəyini gözləmirdik. Allahdan arzumdur, öz kəndimə, doğma yurduma ayaqyalın qayıdım”.

Qeyd edək ki, Qubadlı şəhəri və bir sıra kəndləri oktyabrın 26-da işğaldan azad olunub.









Aytən Zəhra
Azvision.az


Teqlər: Qubadlı   Xanlıq  





Xəbər lenti