“Azərbaycanın səfərbərlik potensialı kifayət edir” - Ceyhun Bayramov

 “Azərbaycanın səfərbərlik potensialı kifayət edir” -  Ceyhun Bayramov
  27 Oktyabr 2020    Oxunub:3726
Türkiyə Azərbaycana mənəvi dəstək verir. Türkiyənin münaqişədə iştirakı barədə şayiələr Ermənistan tərəfindən yayılır. Yəqin ki, erməni təbliğatının məqsədlərindən biri də hərbi uğursuzluqlarına görə öz vətəndaşları qarşısında bəraət almağa çalışmaqdır.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Nazir bildirib ki, erməni tərəfi 1990-cı ilin əvvəllərindən başlayaraq Azərbaycana qarşı təcavüz və ərazilərimizin işğalı əməliyyatlarında Orta Şərq ölkələri də daxil olmaqla xarici dövlətlərdən olan silahlılardan, terrorçulardan və muzdlulardan fəal şəkildə istifadə edib. Parlaq nümunələrdən biri, Livan vətəndaş müharibəsi də daxil olmaqla, müxtəlif ölkələrdə bir çox qanlı hərəkətlərdə meydana çıxan beynəlxalq terrorçu Monte Melkonyandır. Bənzər cinayətkarlar dəstəsinə rəhbərlik edən Melkonyan, mülki Azərbaycan əhalisinə qarşı bir sıra terror hücumları və hərbi cinayətlər tördib. 1993-cü ildə Qarabağ münaqişəsi zonasında öldürülən Melkonyan bu gün Ermənistanda milli qəhrəman hesab olunur.

C.Bayramov əlavə edib ki, Ermənistan xarici döyüşçülərdən və muzdlulardan istifadə etmək kimi cinayətkar təcrübəsini heç vaxt dayandırmayıb. Bu, praktikanın alətlərindən biri də etnik ermənilərin xaricdən işğal olunmuş ərazilərə köçürülməsi kampaniyasıdır. Bu kontekstdə, Ermənistanda xarici döyüşçülərin inteqrasiyası və onların daha aktiv istifadəsi üçün "xalq könüllərinin missiyası"nın yaradılması barədə son hesabatlar xüsusi diqqətə layiqdir.

"Həm də vurğulamaq istəyirəm ki, Ermənistanın Azərbaycanı xarici döyüşçülərdən istifadə etməkdə günahlandırmaq cəhdləri tamamilə əsassızdır. Bu saxta məlumatların məqsədi gündəmi dəyişdirmək, münaqişənin genişləndiyi təəssüratını yaratmaq, xarakterini dəyişdirmək, eyni zamanda dini və digər amilləri şişirtməkdir. Xaricdən döyüşçü cəlb etmək üçün obyektiv ehtiyacımız yoxdur. Azərbaycanın səfərbərlik potensialı kifayətdir. Ölkəmizdə zəruri təlim keçmiş və müasir silah və texnika ilə təchiz olunmuş nizamlı Silahlı Qüvvələr mövcuddur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeyhunBayramov  





Xəbər lenti