Ermənistana müasir silahları kimlər verir?

Ermənistana müasir silahları kimlər verir?
  26 Oktyabr 2020    Oxunub:62875
Ermənistana gizli yollarla silah daşınması davam edir. Müxtəlif təyyarə reysləri ilə düşmən ölkəyə silah-sursat daşınır. Məlumatlara görə, son günlər humanitar yardım adı altında mülki təyyarələrlə Ermənistana silahlar gətirilir.
İşğalçı Ermənistana silah daşınması ilə bağlı dövlət başçısı da dəfələrlə çıxışında bildirib. Ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirlən operativ müşavirədə Prezident qeyd edib ki, Ermənistan silahlanır, hər gün Ermənistana ən müasir silahlar göndərilir.

"Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!", - Prezident çıxışında vurğulayıb.



Ermənistanı gizli yolla silahlandıran kimlərdir?

Hərbi ekspert Rəşad Süleymanov Azvision.az -a bildirib ki, Ermənistanın hal-hazırda silahlanması açıq mənbələrdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdən, xüsusilə də Rusiyadan həyata keçirilir.

Onun sözlərinə görə, açıqlanan uçuş xəritələrində, eləcə də digər görüntülərdə Rusiyadan Ermənistana təyyarələrlə silahların gəldiyi məlum olur:

"Düşməndən qənimət götürülən, eləcə də ərazilərimizə atılıb partlayan və partlamayan mərmilərdən göründüyü kimi Rusiya istehsalı olan silah və texnikalar Ermənistan ordusunda çoxluq təşkil edir. Ermənistan müxtəlif ölkələrin ərazilərindən istifadə etməklə silah daşıyır. Həmçinin, qara silah bazarının tacirlərindən aldığı silah-sursatlardan istifadə edir. Bu gün də həmin ölkələrdən Ermənistana silah-sursat və avadanlıqların gətirilməsi prosesi davam edir. Burada Serbiyanı qeyd etmək istərdim. Hansı ki, bu məsələ faktlarla öz təsdiqini tapıb. Belə ki, 122 mm-lik Serbiya istehsalı olan raketlər var. Bu günlərdə Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə ələ keçirilən döyüş sursatları və silahlar arasında Serbiya istehsalı olan "M-93 Zastava" snayper tüfəngi, eləcə də bu ölkənin istehsalı olan minaatan döyüş sursatları, “M55” zenit topları və onların çox sayda döyüş sursatları əksini tapıb. Eləcə də Belarus və Çindən müəyyən silah və avadanlıqların tədarükü həyata keçirilir. Hazırda Ermənistan ordusunun silahlanmasında Çin istehsalı olan 270 mm-lik “WM-80” və "A-100" tipli yaylım atəşli reaktiv sistemlər mövcuddur. Bu raket buraxılışı qurğular məhz Çinin istehsalı olan raketlərdən istifadə edir. Onların döyüş sursatları da həmin ölkələrdən əldə edilir. Bu kalibr nə Rusiya, nə də digər ölkələrdə mövcuddur".



Hərbi ekspert qeyd edib ki, Ermənistan, həmçinin yaratdığı ofşor şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindən silah-sursat, hərbi texnika tədarükünü həyata keçirir:

"Burada ofşor zonalarda yerləşən şirkətlərin də adını qeyd edə bilərəm. Bolqarıstanın "Burqaz" bölgəsində yerləşən ermənilərin təsis etdiyi müəyyən şirkətlər var. Eləcə də Britaniyada fəaliyyət göstərən “DG Arms Corporotion” şirkətinin törəmə filialları Keniya, Latın Amerikası ölkələri, Konqo və s. ölkələrin üzərindən keçirməklə müəyyən silahları və hərbi avadanlıqların Ermənistana gətirilməsini həyata keçirir. Fransa, Avstriya istehsalı olan snayper tüfənglərini, Almaniya istehsalı olan optik cihazları da görmüşük. Xüsusilə silahlandırmada Hindistan və Yunanıstanın adını qeyd etmək olar. Ermənistan bu ölkələrdən müəyyən avadanlıqları təmənnasız əldə edir. Son vaxtlar bu iki ölkə erməniləri daha çox yemləməyə başlayıb. Həmçinin, humanitar yardım adı ilə Ermənistana silah-sursat gətirilir".

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün xalqa müraciətində sentyabrın 27-dən indiyədək Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus olan və döyüşlərdə məhv edilən hərbi texnikaların sayını açıqlayıb.

Dövlət başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.

Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik”.









Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan   Silah  





Xəbər lenti