Ərəb qəzetləri Ermənistanın hərbi təcavüzündən yazdı

Ərəb qəzetləri Ermənistanın hərbi təcavüzündən yazdı
  25 Oktyabr 2020    Oxunub:2507
Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan “Arab News” və Bəhreyn Krallığının “The Daily Tribune” qəzetlərində Azərbaycanın Səudiyyə Ərəbistanında səfiri Şahin Abdullayevin “Ermənistanın Azərbaycana qarşı son təcavüz aktları qəbul edilməzdir və sona çatmalıdır” sərlövhəli məqaləsi dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi kobud şəkildə pozması, cəbhə xətti boyunca Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutaraq bu il üçüncü dəfə Azərbaycana qarşı yeni hərbi təcavüzə başlaması və erməni hərbi birləşmələrinin cəbhə boyu əhalinin sıx yaşadığı əraziləri və mülki obyektləri qəsdən hədəfə almasından bəhs edilir.

Yazıda Ermənistanın gələcək hərbi təcavüzünün qarşısını almaq və mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq hüquqa tam uyğun olaraq əks-hücum tədbirlərinə başladığı qeyd edilib. Vurğulanıb ki, son iki ildə Ermənistanın yeni hökuməti tərəfindən törədilən bir sıra təxribatlar münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin üstündən xətt çəkib. İşğalçı ölkə atəşkəsi pozmağa davam edib, həmçinin baş nazir Nikol Paşinyanının “Qarabağ Ermənistandır. Nöqtə” kimi avantürist bəyanatı və danışıqların bərpası üçün “yeddi şərt” irəli sürməsi, Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” konsepsiyası prosesləri təhlükəli məcraya yönəldib.

Müəllif qeyd edib ki, oktyabrın 9-da Moskvada Rusiya Federasiyasının vasitəçiliyi ilə humanitar atəşkəs və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara başlamaq barədə razılıq əldə olunmasına baxmayaraq, oktyabrın 10-da Ermənistanının silahlı qüvvələri agır artileriyadan istifadə etməklə Azərbaycan mövqeylərinə hücuma başlayıblar. Oktyabrın 11-də gecə saatlarında işğalçı qoşunların atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumları etməsi nəticəsində 10 mülki şəxs qətlə yetirilib, 30-dan insan ağır yaralanıb, mülki infrastruktura böyük ziyan vurulub. Daha sonra, oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində dörd mülki şəxs qətlə yetirilib, beş nəfər yaralanıb. Ermənistan oktyabrın 17-nə keçən gecə yenidən Gəncəyə ballistik raketlərlə hücum edib, nəticədə ikisi uşaq olmaqla, 12 mülki şəxs həlak olub və 40-dan çox insan yaralanıb.

Məqalədə sentyabrın 27-dən oktyabrın 19-dək Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Tərtər və digər şəhərləri raket və top atəşinə tutması nəticəsində 60-dan çox dinc sakinin həlak olduğu, 290 nəfərin yaralandığı, 2000-dən çox evin, yaşayış binasının və mülki obyektin dağıldığı diqqətə çatdırılır. Qeyd olunur ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və ona əlavə Protokolları, habelə Moskvada israrlı istəklərindən sonra qəbul edilmiş humanitar atəşkəsin tələblərini pozaraq Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə ağır artilleriyadan hədəf almağa davam edir. Yaxın Şərq ölkələrindən gətirilən minlərlə muzdlu və terrorçu Azərbaycana qarşı döyüşlərə və terror fəaliyyətinə cəlb olunur.

Diplomatımız, həmçinin vurğulayıb ki, 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğalı edilib. Lakin vasitəçilik mandatı verilmiş ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün heç bir təsirli addım atmayıb.

İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozaraq Gəncə şəhərində mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan hücumlarını pisləmələri də yazıda yer alıb.

Məqalənin sonunda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən öz ərazilərini işğalçılardan təmizləməyə davam etdiyi, sentyabrın 27-dən başlayaraq sülhə məcburetmə əməliyyatları çərçivəsində keçirilmiş əks-hücum tədbirləri nəticəsində bir çox şəhər və kəndlərimizin Ermənistanın işğalından azad edilməsi qeyd olunub.

Azvision.az



Teqlər: Ermənitəxribatı  





Xəbər lenti