Kaliforniyada Gəncə terroruna etiraz edildi

Kaliforniyada Gəncə terroruna etiraz edildi
  25 Oktyabr 2020    Oxunub:1842
ABŞ-da yaşayan soydaşlarımız Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına, yaşayış evləri və mülki obyektlərin dağıdılmasına etiraz olaraq San-Fransiskodakı Embarcadro Plazanın qarşısında aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az-a bildirilib ki, aksiya iştirakçıları cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar.

Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir ərzində ABŞ-da yaşayan azərbaycanlıların tikdiyi 27 metr uzunluğunda Azərbaycan bayrağı dalğalandırılıb.

Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan, Türkiyə və ABŞ bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın dövlət himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” və sair kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

Azvision.az


Teqlər: Kaliforniya   Gəncə   Terror  





Xəbər lenti