Dindar deputatdan Oqtay Əsədova dəstək

Dindar deputatdan Oqtay Əsədova dəstək
  04 Fevral 2014    Oxunub:1045
“Mənasını anlamadığınız bir şeyi oxumaq necə səvab ola bilər?”
Milli Məclisin ötən gün keçirilən iclasında spiker Oqtay Əsədovun Qurani-Kərimin Azərbaycan dilində oxunması ilə bağlı təklifinə dindar deputat Fazil Mustafa reaksiya verib.

AzVision.az-ın məlumatına görə, millət vəkili Oqtay Əsədovun təklifini haqlı sayaraq Qurani-Kərimin məclislərdə ana dildə oxunmasının faydalı olacağını hesab edir:

“Quran-i Kərimin məclislərdə Azərbaycan dilində oxunması barədə Milli Məclisin sədri Oqtay Əsədov bir fikir səsləndirib. Normal, yerində bir fikirdir və mən də bu məsələdə fərqli düşünmürəm. Din adına danışan bir sıra şəxslərin müdrik bir görkəm alıb dərhal bunun ərəbcə oxunmasının vacibliyini vurğulamasına, arqument olaraq da Quran avazının ecazkarlığının insana faydasından bəhs edirlər. Digərləri isə dərhal azan və namazın türkcə olması kimi təhlükəyə diqqəti yönəldirlər. Əlbəttə, Əzan və Namazın dilinin ümumiliyinin qorunması vacibdir və bütün müsəlman dünyasının həmrəyliyi üçün bir dildə icra olunması faydalıdır. Türkiyə tarixindəki uğursuz sınaq gözlənildiyi kimi uzun sürmədi. Quranı da ərəbcə sərbəst oxuyan və düşünən hər kəsin orjinaldan oxuması faydalıdır. Ecazkarlıqla bağlı görüşləri də hər kəs qəbul edir”.

F.Mustafa qeyd edib ki, bəs Ərəbcə bilməyən milyonlarla insan onun ecazkar avazına, yoxsa anladıqları mənasına üstünlük verməlidirlər?.

“Əsas hədəf insanın bu İlahi kitabın mənasını anlamasıdırsa, onun anladığı dildə məclisdə ayələrin səsləndirilməsinin, yaddaşlara həkk olunmasının nəyi pisdir və yaxud nəyi dinə ziddir? Az qala əksər surədə "bunları anlayasınız, düşünəsiniz deyə Allah sizlərə buyurur" deyə bir çağırış yer alır. Yaxın çevrəmdə doğmalarımdan bəziləri söhbət əsnasında söyləyir ki, bu gün Quranı ərəbcə oxuyub başa vurdum. Soruşanda ki, mənasını anladınmı, deyir ki, əlifbanı bilirəm, ərəbcəni bilmirəm. Əksər ahıl dindar insanlarımızın əsas məşğuliyyətlərindən biri də təhrif edərək də olsa, ərəb əlifbası ilə Quranı oxumaqdır. Hamısının da söylədiyi söz budur ki, deyilənə görə, ərəbcə oxumaq səvabdır. "Mənasını bilmədiyiniz, anlamadığınız bir şeyi düşünmədən oxumaq necə səvab ola bilər? Götürün Quranın onlarca dilimizə tərcüməsi var, bildiyiniz dildə oxuyaraq düşünün ki, burada bir insan olaraq səndən tələb olunan əməllər hansılardır?" deyə tövsiyəmi bildirirəm. Məclislərdə də insanlar avaz dinləməyə gəlmirlər, onların anladığı dildə ayələrin mənasını çatdırmaq lazımdır ki, oturduqları 10-15 dəqiqə içində heç olmazsa bu İlahi kəlamdan fayda götürə bilsinlər”-deyə millət vəkili vurğulayıb.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti