Azərbaycanın növbəti diplomatik qələbəsi

  24 Oktyabr 2020    Oxunub : 2850
 Azərbaycanın növbəti diplomatik qələbəsi
Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı iclas keçirəcəyinə dair xəbərlər yayıldı. Lakin nə qədər qəribə səslənsə də, bu mühüm toplantının nəticəsi barədə mətbuata əlavə məlumatlar verilmədi. Sən demə, bunun da öz səbəbi var imiş. Belə ki, 30 ildir Ermənistanın maraqlarına xidmət edən həmsədr “vasitəçilər” qəbul olunacaq bəyanatda Azərbaycanın beynəlxalq aləmdə hüquqi dayağı sayılan BMT qətnamələrinə istinad etmək istəməyiblər.
İclasdan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa tərəfindən Təhlükəsizlik Şurası Prezidentinin bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Hazırda TŞ-yə rəhbərlik rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadadır. Bəyanat layihəsində isə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almayıb.

Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasına təkid ediblər. Bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkiblər.

TŞ qətnamələrinə bu cür münasibətlə həmsədrlər bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar. TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib. Hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verib.
Bəs nəyə görə indi həmsədr ölkələr TŞ qətnamələrindən bu qədər qorxurlar? Qətnamələrin adı çəkiləndə nəyə görə narahat olurlar? Qoşulmama Hərəkatı ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu, həm də QH-nin beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.

Bəzən müxalifət nümayəndələri “Qoşulmama Hərəkatına qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham ƏIiyev Qoşulmama Hərəkatı ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVID-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. İndi ölkəmizə qarşı ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi qiymətləndirilə bilər.

Mütəxəssislərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasət, diplomatik addımlar bu gün tarixi anlarda öz bəhrəsini verir. Məhz Qoşulmama Hərəkatına üzv ölkələrin belə həssas dönəmdə dəstək göstərməsi buna nümunədir.



Məsələni Azvision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, BMT TŞ-dəki anormal situasiya dünyanın ədalətsiz dönəmə qədəm qoymasından xəbər vermiş oldu:

“BMT Təhlükəsizlik Şurasının üzvləri Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar yaranmış hazırkı situasiyanı müzakirə edərkən özlərinin 90-cı illərdə qəbul etdikləri qətnamələri yada salmırlar. Bu faktın özü əslində bir nonsesdir. Yəni özünüzün razı olub, reallıqdan çıxış edərək ortaya qoyduğunuz sənədi indi görməzdən gəlirsiniz. Ortada belə bir qətnamələr olmasaydı, hardasa düşünə bilərdik ki, müzakirələri başqa istiqamətdə aparmaq olardı. Amma bütün dünyanın istinad etdiyi qətnamələr var axı… Niyə indiki həssas vaxtda bəyanatın qəbulu zamanı istinad etmək istəmirsiniz? Marağınız nə idi? Haqlı olaraq da Qoşulmama Hərəkatına üzv ölkələr prinsipial mövqe sərgiləyib, ayaqlarını yerə dirəyib bu anormal bəyanatın keçməsinə sədd oldular. Bu faktın özü bir daha bütün çılpaqlığı ilə onu göstərdi ki, Azərbaycan həmsədrlərin fəaliyyətinə ümid edə bilməz, hazırda doğru yolda olduğu öz cığırı ilə irəliləməlidir”.

Politoloq deyir ki, ABŞ, Fransa Rusiya vaxtında səs çoxluğu ilə qəbul etdiyi qətnaməni indi xatırlamaq istəmirsə, deməli, heç onların münaqişəni bundan sonra da həll etmək fikirləri yox idi. Son hadisə bir daha onu nümayiş etdirdi ki, hər şeyi bu üçlüyün ixtiyarına versək, vasitəçilər bundan sonra da erməni tərəfinin nazı ilə hələ çox oynayacaqlar:

“Bu üçlük indi də ayaqlarını dirəyib ki, danışıqlar bərpa olunsun, atəşkəsin bərpası mütləqdir və s. Yaxşı, tutaq ki, arzuladığınız anormal atəşkəs bərpa olundu. Bəs sonra? Daha bir 30 ilmi gözləməliyik? İşğal altında qalmış digər rayonlarımız, məlum qətnamələrin icrası məsələsi necə olacaq? Ona görə də haqlı olaraq Azərbaycan özü bu qətnamələrin icrası ilə məşğul oldu və hazırda bu işi uğurla davam etdirir. Əlbəttə ki, cəbhə ilə paralel olaraq diplomatik sahədə uğurlarımızı sıralamalıyıq. ABŞ, Fransa və Rusiya üçlüyünün Azərbaycana sərf etməyən bəyanatının qəbul edilməsinə imkan verilməməsi ölkəmizin diplomatik qələbəsi sayıla bilər”.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, bütün təşkilatlarla aktiv iş birliyi bizim təhlükəsizlik maraqlarımıza xidmət edir:

“Çünki dost olmayan ölkələr bizə qarşı hər hansı həmlə etsələr, hansısa sənədi keçirməyə çalışsalar, onun qarşısında indi Qoşulmama Hərəkatında gördüyümüz kimi Azərbaycana dost olan dövlətlərin dayanacağını müşahidə edəcəyik. Ona görə də hesab edirəm ki, Qoşulmama Hərəkatında Azərbaycanın aktiv iştirakı bizim üçün çox vacib idi. Hazırda bu təşkilata uğurla sədrlik edirik və üzv ölkələrlə müəyyən təmaslarımızın aktivləşməsi Azərbaycanın xeyrinədir. Ola bilər ki, hərəkatın özündə bəzi dövlətlər qəbul etdikləri sənədlərə riayət etməyərək Ermənistanla sıx əlaqələr qururlar. Amma bu, bir reallıqdır ki, Azərbaycanla dostluğa can atan dövlətlərin sayı hər ötən gün artır. Regionda bizə olan marağın artması bir diplomatik uğur sayıla bilər”

Tural Tağıyev
Azvision.az

Teqlər: Qoşulmama-Hərəkatı   Elxan-Şahinoğlu   BMT