"Mülki vətəndaşlara hücumlar qəbuledilməzdir" - İsrail səfiri

  22 Oktyabr 2020    Oxunub : 2191
   "Mülki vətəndaşlara hücumlar qəbuledilməzdir" -    İsrail səfiri
Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.
Azvision.az xəbər verir ki, bunu Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib.

“Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm. Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir”.

Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

“Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk və Gəncədə yaşanan dəhşətli hücumun qurbanlarını bu çətin anlarda dəstək olaraq bir sıra humanitar yardımla təmin edirik”.

Sonda səfir Corc Dik faciə qurbanlarının ailələrinə, eləcə də Gəncə sakinlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Azvision.az

Teqlər: İsrail   Səfir