Əsgərlərimiz ermənilərə, biz isə koronavirusa qalib gələk!

Əsgərlərimiz ermənilərə, biz isə koronavirusa qalib gələk!
  22 Oktyabr 2020    Oxunub:2152
Hər gün ölkədə koronavirusa yoluxanların sayında artımın olmasının əsas səbəbi insanlar arasında təmasların çoxalması və karantin qaydalarına ciddi əməl edilməməsidir.
Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, vətəndaşlarımız hərbi vəziyyət rejimində yaşadıqlarını unutmamalıdır.

“Bu gün əsgərlərimiz, Azərbaycan Ordusu ön cəbhədə mübarizə aparır, torpaqlarımızı işğaldan azad edir. Əsgərlərimizin sağlamlığı bizlərdən də asılıdır. Koronaviruslu xəstələrin sayının artması ikinci cəbhənin açılmasına səbəb olur. İkinci cəbhənin açılmasına yol verilməməsi üçün özümüzü qorumalıyıq, bununla biz əsgərlərimizə yardım etmiş olarıq”.

T.Eyvazov qeyd edib ki, ön cəbhədə görünən düşmənlə yanaşı, arxa cəbhədə görünməyən düşmənlə eyni vaxtda mübarizə aparırıq: “Ona görə hərbçilərimizlə, xüsusən bölgələrdə təmasları minimuma endirməyə çalışmaq lazımdır. İndiki gündə döyüşçülərimizin sağlamlığı təkcə tibbi məsələ deyil, Ordumuzun döyüş qabiliyyəti, ən əsası qələbələrimiz bundan asılıdır”.



Baş infeksionist qeyd edib ki, son günlər qəbul olunmuş karantin tədbirlərinin effektivli haqqında danışmaq hələ tezdir.

“Bunun üçün müəyyən vaxt keçməlidir. Mütəxəssislər tərəfindən epidemioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Mənfi dinamika təəssüf ki, davam edir. Biz özümüzə məxsus yoluxma maksimumunu aşdıq, lakin ətrafımıza nəzər salın, bir çox ölkələrdə vəziyyət bizdə olduğundan daha pisdir. İndiki durumun özəlliyi odur ki, infeksiyanın yayılmasının bir illik tsikli tamamlanmayıb və biz qış-yaz-yay mövsümünü bitirmişik, bu gün isə payızdan qışa doğru gedirik. Təbii ki, bu yeni bir vəziyyətdir və əvvəlkindən fərqlənir”, - deyən T.Eyvazov sonda vətəndaşlara çağırış edərək bildirib ki, əsgərlərimiz ermənilərə, biz isə koronavirusa qalib gələk!

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Düşmən   Mübarizə  





Xəbər lenti