Yeni döyüş ənənəsi: Ordumuz dünyada ilkə imza atır

  21 Oktyabr 2020    Oxunub : 12372
      Yeni döyüş ənənəsi:    Ordumuz dünyada ilkə imza atır
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirir. Bu günədək bir çox şəhər və kəndlərimiz erməni işğalından azad edilib.
Qısa müddətdə hərb meydanında əldə olunan möhtəşəm uğurların, döyüş bölgəsindəki tarixi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illər ərzində gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır.

Qafqazın lider ölkəsi statusunu qazanan Azərbaycan son döyüşlərdə peşəkar və güclü ordusu ilə hər kəsi təəccübləndirir. Müzəffər ordumuz Vətən Müharibəsində müasir dövrün döyüş ənənəsini formalaşdırır. Azərbaycan XI əsrdə müharibənin necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirir.

Ordumuzun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına hesablanıb. Bu unikal missiya döyüş gedən ərazilərdə işğaldan azadetmə əməliyyatlarının effektivliyini birə-beş artırır.

Regionun ən güclü dövlətinə çevrilmiş Azərbaycan son illərdə təkcə iqtisadi qüdrətini deyil, paralel olaraq hərbi potensialını da xeyli gücləndirib. İldən-ilə hərbi büdcənin məqsədyönlü şəkildə artırılması, yeni silah və hərbi texnikaların alınmasına vəsaitlərin ayrılması əbəs yerə deyildi və biz hazırda bunun effektiv nəticələrini döyüş meydanında görürük.

Təəssüf ki, vaxtilə ordu xərclərinin artırılmasına irad bildirənlər, bu gün yanlış mövqedə olduqlarını dərk edirlər. Onların istədiyi kimi, hərbi xərclər azaldılsaydı, bu gün belə tarixi nəticəyə nail ola bilməzdik.

Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlığı və qələbə əzmi elə yüksək səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra olunur.

Hazırda hər birimiz torpaqlarımızın azad olunması ilə tarixi anlara şahidlik edirik. Adi vətəndaşlarla yanaşı, siyasi və hərbi ekspertlər də azadetmə əməliyyatlarında tətbiq edilən hücum taktikaları, müasir texnologiyalardan qüsursuz istifadə və insan amilinin ən ali səviyyədə düşünülməsini təqdir edirlər. Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır, bu sahədə ölkəmizin imza atdığı standartlar nümunə göstərilir.

Təkcə bir məqamı xatırladaq ki, Belarus, Ukrayna və Rusiyadan olan hərbi ekspertlərin təhlilləri Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını təsdiqləyir. Mütəxəssislər minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmağın son otuz ilin heç bir müharibəsində tətbiq edilmədiyini vurğulayırlar. Bu isə Azərbaycanda indiyədək ordu quruculuğunun və Silahlı Qüvvələrin silahlanmasının qürussuz şəkildə həyata keçirildiyini göstərir.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ordu   Silah   Döyüş