Kasıb Ermənistanda bu qədər silah və texnika haradandır?

  21 Oktyabr 2020    Oxunub : 16803
Kasıb Ermənistanda bu qədər silah və texnika haradandır?
Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər rəşadətli Ordumuz tərəfindən bir çox yaşayış məntəqələrimiz işğaldan azad olunub. Gərgin döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib. Ötən gün Prezident İlham Əliyev xalqa müraciətində düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.
Ali Baş Komandan çıxışında deyib:

“Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki “S-300” zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir”.

Ölkə başçısının çıxışında da qeyd etdiyi kimi, bu qədər silah-sursat məhv olunur, buna baxmayaraq, düşmənin hələ də döyüş texnikası qalıb. Yoxsul Ermənistan bu silah-sursatı, döyüş texnikalarını necə alıb və niyə nəzarət olunmayıb? Beynəlxalq konvensiyalar, hərbi texnika, limit – niyə beynəlxalq strukturlar buna nəzarət etməyib, təftiş etməyib? Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Buna görə təkcə Ermənistan yox, işğalçıların silahlanmasına nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır



Hərbi ekspert Rəşad Süleymanov Azvision.az-a açıqlamasında bildirib ki, 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Ermənistan müttəfiqlərinin köməyilə böyük silahlanma proqramlarını həyata keçirməyə başlayıb.

Onun sözlərinə görə, müstəqillik əldə olunduqdan sonra Azərbaycan və Ermənistan "Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə"yə qoşulub:

"Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” - 19 noyabr 1990-cı ildə 16 NATO və 6 Varşava müqaviləsi Təşkilatının iştirakçı dövlətləri tərəfindən imzalanıb və 9 noyabr 1992-ci ildə qüvvəyə minib. Hazırda müqavilədə 29 dövlət iştirak edir. Müqavilə 31 may 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib. Müqavilə 7 protokoldan ibarətdir və adi silahların 5 kateqoriyası üzrə məhdudiyyət təyin edir. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm və yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri və zərbə helikopterləri məhdudlaşdırılır. Müqavilənin tələblərinə əsasən, hər bir iştirakçı dövlət adi silahların 5 kateqoriyası üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması və saxlanılması öhdəliyini öz üzərinə götürür. Ermənistan elə ilk gündən qoşulduğu bu cinah sazişini heçə alıb, çoxsaylı silahlar əldə edib. Son günlərdə də proses davam edir. Adıçəkilən sazişə qoşulan dövlətlərə Avropadan müəyyən edilmiş ölkələr tərəfindən ildə bir neçə dəfə yoxlama təşkil olunur. Bu yoxlamalar çərçivəsində həmin o say məsələsinə baxış keçirilir. Bu texnikalar harada yerləşdirilib və sayı nə qədərdir. Silah satınalmalarında son istifadəçi sertifikatı və ya "end user" tələb olunur. Hər hansı bir ölkə silah alan zaman silahı satan tərəfə "end user" təqdim etməlidir ki, alınan silah həmin ölkənin hansı hərbi qurumuna gedəcək. Ermənistanın "end user"i ilə alınan silahlar daha sonra yoxlamalarda görsənməsin deyə işğal alıtında olan Azərbaycan ərazisindəki separatçı rejimə ötürülür. Bura daxil edilən silah-sursat heç bir yoxlamaya məruz qalmır və böyük həcmdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə cəmləşdirilir".



Hərbi ekspert bildirib ki, Ermənistan müstəqillik dövrünün ilk illərindən başlayaraq dünyanın qara silah bazarındakı silah tacirləri ilə sıx əlaqədədir:

"Ermənistan üzərindən müxtəlif münaqişə ölkələrinə silahların daşınması həyata keçirilir. Eləcə də digər ölkələrdən qarışıq yollarla Ermənistana silahlar gətirilir. Bununla bağlı faktlar var. Erməni iş adamlarının da burada rolu çoxdur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri-şəffaf şəkildə həyata keçirir. Əsasən də “qara bazar” prinsipindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam etməkdədir. BMT Adi Silahlar Registrinə alıcı (Ermənistan) və satıcı ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir. Ermənistan təbii ki, yoxsul ölkədir, onun belə bir imkanı yoxdur. Ermənistanın diasporası silahlanmaya pul ayırır. Erməni iş adamları da bunun alınmasını və daşınmasını həyata keçirirlər. Daşınmalar çox hallarda mülki təyyarələr vasitəsilə həyata keçirilir. Ermənistanın silahlanmasında Balkan ölkələri əsas yer tutur. Burada xüsusilə Serbiyanın adını qeyd etmək istəyirəm. Eləcə də Bolqarıstanda ermənilərin ofşor hərbi tranzit şirkətləri var və yük daşımaları ilə məşğul olur. Bundan istifadə edirlər. Rusiyada yaşayan erməni iş adamlarının bu işdə müstəsna rolu var. Onlar müxtəlif ölkələrdən Ermənistana canlı qüvvənin, terrorçuların göndərilməsinə həm maliyyə, həm də daşınma baxımından kömək edirlər".

R.Süleymanov qeyd edib ki, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından bu günə qədər Ermənistan ordusuna vurulan zərbə 1992-1994-cü illərdə vurulan zərbədən qat-qat çoxdur:

"Bunun növbəti mərhələdə Ermənistan tərəfindən kompensasiya edilə biləcəyi yaxın 30 il üçün mümkün deyil. Bütün dünya erməniləri yardım etsə belə, yaxın 30 il ərzində bu boşluğu doldura bilməyəcəklər. Büdcə problemləri ilə üzləşən Ermənistan hökuməti müharibə dövrü üçün müəyyənləşdirilmiş xüsusi bir vergi növü var ki, həmin vergilərin ödənilməsi üçün bütün əhaliyə və iş adamlarına müraciət edib. Bildirilib ki, bu vergiləri ödəməyənlərə qarşı sərt tədbirlər görüləcək. Bu onu göstərir ki, Ermənistanın mövcud arsenalının əhəmiyyətli hissəsi məhv edilib. Bu boşluğu doldurmaq mümkünsüzdür".



Sonda hərbi ekspert vurğulayıb ki, Ermənistanın dünyanın qara silah bazarında xüsusi yeri var və burada erməni silah tacirləri xüsus rol oynayırlar:

"Ermənistanın “DG Arms Corporotion” şirkəti həm İngiltərədəki, həm də Panamada və digər ölkələrdə yaratdığı ofşorlar vasitəsilə dünyanın müxtəlif ölkələrindən Ermənistana silah-sursat, texnikanın tədarükünü həyata keçirir. Bunların tərəfdaşları olan Balkan ölkələrindəki bəzi şirkətlər də var. Azərbaycanın hərbi sənaye kompleksində fəaliyyət göstərən, eləcə də dünyada müəyyən əlaqələri olan bizim şirkətlərin nümayəndələri həmin sənədləri toplayıblar. Onların Ermənistana satdığı silahların fotolarını, Azərbaycana atəş açılan raketlərin qalıqların tapıblar. Bununla bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün sənədlər hazırlayır ki, bu şirkətlər qara siyahıya salınsın, onların hesabları bloklaşdırılsın, fəaliyyətinə beynəlxalq məhkəmələrdə baxılsın".







Anar Kəlbiyev
Azvision.az

Teqlər: Ermənistan   Yoxsul   Silah-sursat   Texnika   Ekspert