“Qubadlıya qayıdanda ilk işim atamın məzarını axtarmaq olacaq” - Əliyar Əliyevin oğlu

  19 Oktyabr 2020    Oxunub : 30807
“Qubadlıya qayıdanda ilk işim atamın məzarını axtarmaq olacaq” -  Əliyar Əliyevin oğlu
“Qubadlı işğaldan azad olunandan sonra ilk işimiz atamın məzarını axtarmaq olacaq”.

Bunu Azvision.az -a açıqlamasında Milli Qəhrəman, Qarabağ şəhidi Əliyar Əliyevin oğlu Yusif Əliyev deyib. O, bildirib ki, ordumuzun qələbələri Xankəndinə, Şuşaya bayrağımızı sancmaq ümidini verir.
“Hisslərimi necə deyim bilmirəm. Hər birimiz üçün çoxdan gözlədiyimiz qələbələrdir. Hamımız düşünürdük ki, müharibəsiz variant yoxdur. 30 il səbr etdik, qan tökülməsin, insanlar ölməsin dedik. Amma düşmən heç nə ilə razılığa gəlmədi, işğalçılığını yerə qoymadı. Atəşkəs dövründə belə körpələrimizə güllə atdı. Bizə başqa yol buraxmadı. Müharibə varsa, itki də olacaq. Torpağımızı istəyiriksə, itkimizi də qəbul etməliyik. Şəhidlərimizin yerləri cənnət olsun.

Onların fədakarlığı bizə Xankəndinə, Şuşada bayrağımızı sancmaq ümidi verir. Qələbəyə daha çox güvəni artırır. Şəhidin qanı yerdə qalmamalıdır. Canımızı, qanımızı da versək, hansı itkilər hesabına başa gəlsə də, toorpaqlarımızı inadla geri almaq fikrindəyik. Bizim üçün qəbul olunan qayda budur.

Qubadlıya qayıdanda ilk işimiz atamın qəbrini axtarmaq olacaq. Əgər ermənilər dağıtmayıblarsa, onun məzarını ziyarət edəcəyik. Gözləntimiz, xəyalımız, qəlbimizdə olan azad Qarabağdır. İnşallah müsahibələrimizi, söhbətlərimizi Qarabağda edək”, - deyə Milli Qəhrəmanın oğlu vurğulayıb.







Şahanə Rəhimli
Azvision.az

Teqlər: ƏliyarƏliyev   MilliQəhrəman