Hansı partiyalar bələdiyyə seçkilərinə qatılacaq?

Hansı partiyalar bələdiyyə seçkilərinə qatılacaq?
  01 Fevral 2014    Oxunub:1413
Azərbaycan ötən il prezident seçkilərini uğurla geridə qoyduqdan sonra növbəti seçki prosesinə hazırlaşır. Belə ki, 2014-cü ilin dekabr ayında baş tutacaq bələdiyyə seçkilərinə cəmi 11 ay qalır. Siyasi arenada demək olar ki, seçki ab-havası hiss olunmur. Ölkənin hakim partiyası olan YAP bələdiyyə seçkilərində iştirak edəcəyini hələ ötən ilin sonlarında bəyan etsə də müxalif cəbhə susaraq Milli Şura ətrafında ciddi siyasi böhran yaşayır. Milli Şura hələ də prezident seçkilərinin acı nəticələrini üzərindən ata bilməyib. Bu baxımdan müxalifətin hazırki gündəmində bələdiyyə seçkilərinin olmadığını görmək mümkündür. Görünür, siyasi partiyalar növbəti seçkilərə qatılmaq üçün yekun qərar verməyə hələ tələsmirlər.

AzVision.az siyasi partiyalardan bələdiyyə seçkilərində iştirak edib-etməyəcəklərini öyrənib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə aylar qalsa da hazırlıqlara start verib. Partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, seçkilərdə YAP yüksək səviyyədə təmsil olunacaq.

“YAP Azərbaycanın aparıcı insanlarını öz ətrafında birləşdirməyə qadir partiya olmaqla hər zaman ümummilli maraqları üstün tutur. Həm dövlət səviyyəsində, həm siyasi sistemdə partiyamızın uğurlu fəaliyyəti göz önündədir.

İnanırıq ki, bu seçkilərdə də bizim namizədlərimiz qalibiyyət qazanacaq. Çünki buna bizim həm gücümüz, həm də imkanımız çatır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə hələ də qərarsızdır. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, hələlik seçkilərlə bağlı partiya hər hansı qərar verməyib, vaxtı çatanda bu məsələ partiyada müzakirə olunub qərar veriləcək:

“Ümumi rəy bundan ibarətdir ki, seçkilərdə iştirak vacibdir. Əgər demorkatik mübarizənin genişlənməsi, daha çox insanın siyasi fəallığının artırılması prosesi kimi baxılırsa, bu baxımdan belə ehtimal daha realdır ki, partiya seçkidə iştirak barədə qərar versin. Amma hələ ki, tezdir, ona görə də bu məsələ müzakirə olunmayıb”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da partiyanın bu barədə rəsmi qərarının olmadığını deyib.

“Bələdiyyə seçkilərində iştirak etməklə bağlı hələ ki, partiyanın qərarı yoxdur. Amma biz fikrimizi bildirmişik ki, əgər Seçki Məcəlləsində, Komissiyalarda dəyişiklik edəcəklərsə, biz partiya olaraq seçkilərdə iştirak etməklə bağlı qərar verə bilərik. Əgər belə davam edəcəksə, o zaman biz rayon təşkilatlarına bildirəcəyik ki, kim seçkidə iştirak etmək istəyirsə, iştirak edə bilər”.

Bələdiyyə seçkilərində iştirak etməyi planlaşdıran, lakin bu barədə rəsmi qərar verməyən daha bir partiya isə Klassik Xalq Cəbhəsi Partiyasıdır. Partiyanın sədr müavini Xəzər Teyyublu hesab edir ki, KXCP-nin seçkidə iştirak etmək niyyəti olsa da rəsmi qərarı verilməyib:

“Partiyamızın bələdiyyə seçkilərində iştirak etmək niyyəti var. Amma hələ bu barədə rəsmi qərar yoxdur. Niyyətimiz var ki, KXCP rayon, şəhər, kənd və qəsəbə bələdiyyələrinə namizədlərini irəli sürsün”.
Bu barədə müzakirələr gəlincə isə sədr müavini hələ vaxtlarının olduğunu əlavə edib.

Seçkilərə hələ çox var. Partiyanın da bu seçkidə iştirak etmək niyyəti var. Ona görə də hazırlıq işləri başlanmalıdır. Seçi vaxtına qədər biz namizədlərimizi seçib elan edəcəyik”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə opponentlərindən fərqli düşünür. Partiya sədrinin fikrincə, ADP-nin yerlərdəki üzvlərinin də seçkidə iştirak etməyə həvəsi olmalıdır:

“Təbii ki, seçkilərdə iştirak etməyi planlaşdırırıq. Amma bu məsələ ilə bağlı partiyanın formal orqanlarının rəsmi qərarı olmalıdır. Hələ ki, bələdiyyə seçkiləri də elan olunmayıb. Mən partiya sədrik kimi hesab edirəm ki, bütün seçkilərdə iştirak etmək lazımdır. Bu barədə müzakirələr isə seçkiyə 1 ay qalmış başlayacaq. Biz yerlərdə üzvlərimizin bu seçkidə iştirak üetməyə nə dərəcədə həvəsli olmasını bilmirik. Bələdiyyə seçkiləri dajha çox yerlui strukturların seçkisi sayılmalıdır. Yerlərdə üzvlərimiz buna xüsusi maraq göstərməsə, təbii ki, seçkidə işitrak etməyin də mənası olmayacaq. Ona görə də gözləmiliyik ki, situasiya aydınlaşsın”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası(BAXCP) seçkilərdə iştirak üçün hazırlıqlara başlayıb. Bu barədə partiyanın sədr müavini Niyaməddin Orduxanlı danışıb:

“BAXCP bu il keçiriləcək bələdiyyə seçkilərində partiya olaraq iştirak etmək niyyətindədir. Bununla bağlı partiyanın rəhbər strikturlarında müəyyən hazırlıq işləri həyata keçirilib. Bizim 56 rayon şöbəmiz var. Bütün rayon şöbələrinə tövsiyyə edilib ki, bələdiyyə seçkilərində iştirkala bağlı müəyyən hazırlıq işləri həyata keçirsinlər. Çalışacağıq ki, maksimum dərəcədə öz namizədlərimizlə seçkidə iştirak edək. BAXCP-nin bələdiyyə seçkilərindən gözləntiləri çoxdur.

Xatırladıram ki, son bələdiyyə seçkilərində-2009-cu ildə BAXCP partiya olaraq 3 yeri tutub”.

Seçkidə iştirakla bağlı rəsmi qərarı olan partiyalardan biri isə Müasir Müsavat Paartiyasıdır. Partiyanın sədri Hafiz Hacıyev əmindir ki, partiya bu seçkilərdə çoxlu sayda bələdiyyədə yer tuta biləcək:

“Müasir Müsavat Partiyasının bu barədə rəsmi qərarı var ki, biz seçkidə iştirak edəcəyik. Artıq yerlərdə partiyamızın namizədlərinin müəyyənləşməsi gedir. Düşünürəm ki, bələdiyyə seçkilərində də əvvəlki seçkilərdə olduğu kimi böyük sayda bələdiyyələrdə yer tuta biləcəyik. Ümumiyyətlə partiyamızda bütün seçkilərdə işitrak etmək məsələsi həmişə aktualdır”.

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) da bələdiyyə seçkilərində iştirakla bağlı rəsmi qərar verib. Partiyanın sədri Fərəc Quliyevin sözlərinə görə, partiyada artıq hazırlıqlar da başlanıb:
“Partiyanın seçkidə işitrak etmə barədə rəsmi qərarı var. Hazırlıqlara artıq başlanıb. Namizədləri müəəyyən etməyə başlamışıq”.

Məlumat üçün bildirək ki, Azərbaycanda bələdiyyə seçkiləri ilk dəfə 1999-cu ilin dekabr ayında keçirilib. Bu ilin dekabr ayında 4-cü dəfə bələdiyyə seçkisi baş tutacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti