“Qar mətbuatın işinə necə təsir göstərdi?” - SORĞU

“Qar mətbuatın işinə necə təsir göstərdi?” - SORĞU
  31 Yanvar 2014    Oxunub:2638
Ötən gün axşam saatlarından başlayaraq Bakıya aramsız qar yağır. Yollar buz bağlayıb, əksər yerlərdə maşınların hərəkəti dayandırılıb. Müşahidə edirik ki, bir çox iş yerlərində işçilər işə gələ bilməyib. Məktəblərdən tutmuş, xəstəxanalara qədər. Bəs görəsən mətbuatda vəziyyət necədir?

AzVision.az mətbuat nümayəndələri arasında “Qar mətbuatın işinə necə təsir göstərdi? adlı sorğu keçirib.

“Hamımız işdəyik”



“Qafqazinfo”nun redaktoru Elnur Məmmədli

“İşə gecikmələr olsa da hamımız işdəyik. Ən çox da gecikən maşını olanlardır. Ciddi təsir etməyib”.

“Sayta baxanda hiss olunmur?”



“Milli.az”-ın baş redaktorunun müavini Anar Məmmədov

“Bir nəfər işə gəlməyib, o da Sumqayıtdan gəlir deyə. Bir sözlər, qar bizim işimə təsir etməyib. Sayta baxanda hiss olunmur? Bir qar işimize təsir etsəydi daha Milli.Az olmazdıq ki…Havanın, hadisənin, hər hansı gözlənilməz hadisənin təsirinə düşən jurnalisti qəbul etmirəm. Jurnalist həmişə iş başında olmalıdır. Bu peşənin tələbidir. Oxucunu jurnalistin işə çatmaması və ya hansısa problemlə üzləşmnəsi maraqlandırmır”.

“Hamı 1 saat əvvəl tez çıxıb”



“Interpress.az” saytının redaktoru Günay Muradlı

“Hamı işdədir. Dünəndən qar yağacağını bilirdik. Bunu hesablayıb hamı həmişəkindən 1 saat əvvəl evdən çıxıb. Ancaq avtobuslar işləmədiyi üçün işə taksi ilə gəlməli olmuşuq”.


“İki nəfərə icazə verilib”



“Muz Tv”-nin redaktoru Çinarə Nurməmmədova

“Qarın yağması bizim işimizə heç bir təsir göstərmədi. Demək olar ki, hər kəs burdadır. Amma, yolu çox uzaq olan işçilərə icazə verilib. Bunlar cəmi iki nəfərdir. Xüsusilə də Sumqayıtda yaşayan əməkdaşımıza bu güzəşt verilib. Çəkilişlərlə bağlı bir az ehtiyatlı davranmağa çalışırıq. Şəhəriçi və şəhərkənarı çəkilişləri bu günlük təxirə salmışıq. Bəzi çəkilişləri şirkətin daxilində həyata keçiririk. Yəqin ki, sabahdan hər şey qaydasına düşəcək”.

“Məni heç kim danlamadı”



“Virtualaz.org” saytının şef-redaktoru Famil Cəfərli

“Bakının şaxta-qar şəhəri olmadığını bütün sakinlərdən daha yaxşı bilən yeganə şəxs bizim sevimli Hacıbala müəllimimizdir. Belə havalar şəhər təsərrüfatının hər sahəsini iflic edir, ya da iş şəraitini çətinləşdirir. Bu, mətbuatdan da yan keçmir. Amma bundan ən çox əsasən TV və qəzet jurnalistləri əziyyət çəkir. Saytlarda çalışan jurnalistlərə gəlincə isə məncə, qarın yaratdığı problemlər onların işinə mane ola bilməz. Çünki saytı evdən də idarə etmək olar. Məsələn, işə gələnə qədər mən bir neçə yeni xəbər qoydum. Əməkdaşlarımızın işə vaxtında gəlib çata bilməsinə gəlincə isə açığını deyim ki, gecikən yeganə adam elə mən özüm oldum. O vaxta qədər işləri telefonla yoluna qoymuşdum. Gəldim ki, redaksiyada hər kəs işinin başındadır. Amma məni heç kim danlamadı”.

“Bir neçə əməkdaşımız işə gəlməyib”



“Qaynarinfo”nun redaktoru Anar Əhmədov

“Qarın yağmasına baxmayaraq, həmişəki kimi işimizi davam etdiririk. Yolların bağlı olması səbəbindən bir neçə əməkdaşımız işə gələ bilməyib. Amma bu da işimizə təsir göstərməyib”.

Mirvari Nəcəf










Teqlər:  





Xəbər lenti