Bu gün Rəsulzadənin 130 illiyidir

Bu gün Rəsulzadənin 130 illiyidir
  31 Yanvar 2014    Oxunub:896
Azərbaycan Demokratik Cümhuriyyətinin banisi 1884-cü il yanvarın 31-də anadan olub
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

AzVision.az-ın məlumatına görə, tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucusu olan Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqİlabçılar Komitəsini qurub.

1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını, yaradıb. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılıb. 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.

1917-ci ildə Müsavat Partiyasının başqanı olub. 1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib,. Azərbaycan Demokratik Respublikasını qurub.
1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.

1920-ci il 27 aprel işğalından sonra həbs edilən M.Ə.Rəsulzadə Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada (indiki Sankt-Peterburq) gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib. 1922-ci ildən başlayaraq, mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1923-cü ildə İstanbula qayıdıb. 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib. Polşada (1938-1940), Rumıniyada (1940-1943) olduqdan sonra 1947-ci ildə Ankaraya dönüb. 1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradıb.

M.Ə.Rəsulzadə 1955-ci ildə Ankarada, 71 yaşında uzun sürən şəkər xəstəliyindən vəfat edib. O, Ankara Əsri qəbiristanlığında dəfn edilib.


Teqlər:





Xəbər lenti