Düşmən məcburi köçkünləri hədəfə aldı - FOTOLAR

  01 Oktyabr 2020    Oxunub : 2468
   Düşmən məcburi köçkünləri hədəfə aldı -     FOTOLAR
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.
Düşmənin növbəti hədəfi Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Birinci Baharlı qəsəbəsi olub. Mərmilərin düşməsi nəticəsində qəsəbədə məcburi köçkünlərin yaşadığı onlarla ev dağılıb, mal-qara tələf olub.

Birinci Baharlı qəsəbəsindən fotoları təqdim edirik.

Qeyd edək ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sentyabrın 27-dən bəri düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 16 nəfər şəxs isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin 36 mülki obyektə külli miqdarda ziyan vurulub. eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub. (AzərTac)













Azvision.az

Teqlər: Erməni   Atəş   Mülki   Vətəndaş