Bolqarıstan kanalında erməni təcavüzündən danışıldı

  01 Oktyabr 2020    Oxunub : 2741
Bolqarıstan kanalında erməni təcavüzündən danışıldı
30 sentyabr 2020-ci il tarixində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ilk özəl televiziya kanalı olan “BTV”-nin “Bu səhər” verilişinə müsahibə verib. Müsahibə sözügedən kanalın internet səhifəsində paylaşılıb.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.

Səfir bir neçə gün ərzində Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə daimi atəş açdığını, mülki əhali arasında ölən və yaralanların mövcud olduğunu bildirib. Səfir Ermənistan tərəfindən döyüş bölgəsinə Orta Şərqdən erməni əsilli terrorçuların gətirildiyini dinləyicilərin diqqətinə çatdırıb. Bu xüsusda qeyd olunub ki, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq 1949-cu il Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almır.

Aparıcının Türkiyənin münaqişəyə cəlb olunması sualına cavab olaraq səfir guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, Türkiyənin münaqişədə iştirakı etmədiyini və Azərbaycan Ordusunun öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün hazırlıqlı və bacarıqlı olduğunu qeyd edib.

Azvision.az

Teqlər: Səfir